Dünyada hər il ən çox ölümə səbəb olan xəstəliklər açıqlanarkən siyahının ilk sırasında dəyişməz olaraq ürək-damar xəstəlikləri yer alıb. Aparılan beynəlxalq araşdırmalar göstərib ki, bu xəstəliklər təkcə inkişaf etmiş ölkələrdə deyil, inkişaf etməkdə olan ölkələrdə də əsas ölüm səbəbinə çevrilib.


 


Sfera.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, ürək-damar xəstəlikləri hər il 20 milyona yaxın insanın ölümünə səbəb olur. Bu rəqəm xərçəng, diabet və tənəffüs yolu xəstəlikləri daxil olmaqla bir çox digər ölümcül xəstəlikləri geridə qoyur.


 


Ürək-damar xəstəlikləri dedikdə əsasən ürək tutması (infarkt) və beyin insultu nəzərdə tutulub. Bu xəstəliklər ürəyə və beyinə gedən damarların tutulması və ya daralması nəticəsində yaranır. Qan dövranının qəfil dayanması isə qısa müddət ərzində ölümə və ya ağır əlilliyə səbəb ola bilər.


 


Araşdırmalara əsasən, ürək-damar xəstəliklərindən ölənlərin böyük hissəsi hadisədən əvvəl ciddi əlamətlər hiss etmir. Bu da xəstəliyin “səssiz qatillərdən” biri kimi qiymətləndirilməsinə səbəb olur.


 


Mütəxəssislər ürək-damar xəstəliklərinin əsas səbəbləri sırasında aşağıdakı amilləri göstərirlər:


Sağlam olmayan qidalanma


Fiziki hərəkətsizlik


Siqaret və alkoqol istifadəsi


Artıq çəki və piylənmə


Yüksək qan təzyiqi


Şəkərli diabet


Xroniki stress və psixoloji gərginlik


 


Xüsusilə son illər oturaq həyat tərzi və sürətli qida vərdişlərinin yayılması xəstəliyin daha gənc yaşlarda ortaya çıxmasına səbəb olub.


 


Əvvəllər əsasən yaşlılarda rast gəlinən ürək-damar xəstəlikləri artıq gənclər arasında da yayılmağa başlayıb. Həkimlərin sözlərinə görə, 30-40 yaş aralığında infarkt keçirən insanların sayında ciddi artım qeydə alınıb. Bu vəziyyət müasir həyat tərzi və davamlı stresslə birbaşa əlaqələndirilib.


 


Qarşısını almaq mümkündürmü?


 


Mütəxəssislər bildiriblər ki, ürək-damar xəstəliklərinin böyük hissəsinin qarşısını almaq mümkündür. Bunun üçün düzgün və balanslı qidalanma, gündəlik fiziki aktivlik, siqaretdən uzaq durmaq, qan təzyiqi və şəkərin mütəmadi nəzarətdə saxlanılması, stressin azaldılması, müntəzəm tibbi müayinələr xüsusilə vacib hesab olunur.


 


Ürək-damar xəstəlikləri bu gün dünyanın ən ölümcül xəstəliyi olaraq qalır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında görülən profilaktik tədbirlər və sağlam həyat tərzi milyonlarla insanın həyatını xilas edə bilər. Sağlamlıqla bağlı risklərin ciddiyə alınması isə ölüm statistikasının azalmasında əsas rol oynayır.


Bəsti Rəfizadə


Sfera.az