Antarktidada aparılan elmi tədqiqat zamanı itən okean robotu 9 ay sonra gözlənilmədən yenidən üzə çıxaraq alimləri narahat edən mühüm məlumatlar ötürüb.


 


Sfera.az xəbər verir ki, avstraliyalı alimlərin açıqladığına görə, robotun topladığı datalar Denman buzlağının altındakı isti suların ərimə prosesini sürətləndirdiyini və ciddi təhlükə yaratdığını ortaya qoyub.


 


Avstraliyanın Milli Elm Agentliyi CSIRO tərəfindən Totten buzlağını araşdırmaq məqsədilə Antarktidaya göndərilən sərbəst üzən okean robotu güclü dəniz axınlarına düşərək planlaşdırılan marşrutdan kənara çıxıb və doqquz ay ərzində itkin hesab olunub. Alimlər artıq cihazdan məlumat əldə olunmayacağını düşünsələr də, robot gözlənilmədən yenidən su səthinə çıxıb.


 


Cihazın geri qayıdışı xüsusilə diqqət çəkib. Robot çatılması ən çətin bölgələrdən biri sayılan Denman buzlağının altından əldə etdiyi kritik məlumatları alimlərə təqdim edib.


 


Robotun topladığı nadir məlumatlar göstərib ki,


 


“Shackleton” buz şelfi hazırda nisbətən sabit vəziyyətdədir. Lakin Denman buzlağının altında isti su kütlələrinin mövcudluğu bu ərazidə sürətli əriməyə səbəb olur.


 


Mütəxəssislərin fikrincə, Denman buzlağı təkbaşına əridiyi təqdirdə qlobal dəniz səviyyəsini təxminən 1,5 metr yüksəltmək potensialına malikdir. Bu isə dünya üzrə sahil zonaları üçün ciddi risk deməkdir.


 


Robot buz şelfinin altında sıxılıb qaldığı müddətdə su üzünə çıxmağa çalışarkən toxunduğu nöqtələrdə dərinlik, duzluluq və temperatur ölçmələri aparıb. Bu ölçmələr nəticəsində Şərqi Antarktidanın alt qatlarına dair ilk birbaşa okean məlumatları qeydə alınıb.


 


Araşdırmanın nəticələri nüfuzlu “Science Advances” elmi jurnalında dərc olunub. Alimlər bildiriblər ki, bu datalar gələcəkdə oxşar robotların daha uzaq və təhlükəli ərazilərə göndərilərək qlobal iqlim dəyişikliyi ilə bağlı həyati əhəmiyyətli məlumatların toplanmasının mümkün olduğunu sübut edir.


 


Mütəxəssislər xəbərdarlıq ediblər ki, Antarktidada buzlaqların sürətli əriməsi yaxın illərdə iqlim böhranını daha da dərinləşdirə və dəniz səviyyəsinin qalxması ilə milyonlarla insanı risk altında qoya bilər.


 


Bəsti Rəfizadə


Sfera.az