Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi yaddaşında milli birliyin, vəhdətin və ümummilli məsuliyyətin rəmzi kimi mühüm yer tutur. Bu əlamətdar günün əsası Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qoyulmuş, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir.
Sfera.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O bildirib ki, Bu gün azərbaycanlıların harada yaşamasından asılı olmayaraq eyni kökdən, eyni tarixdən və eyni taledən gəldiklərini dünyaya bəyan edən güclü ideoloji platformadır.
"Araz çayı boyunca baş verən tarixi hadisələr xalqımızın parçalanmaya deyil, birliyə və bütövlüyə sadiqliyini nümayiş etdirmişdir.Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini sistemli dövlət siyasətinə çevirmiş, bu siyasi xətt bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanitar, mədəni və sosial layihələri xüsusi əhəmiyyət daşıyır. Onun fəaliyyəti dünya azərbaycanlıları arasında mənəvi bağların möhkəmlənməsinə və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verir".
"Vətən müharibəsi isə həm ölkə daxilində, həm də dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların misilsiz milli həmrəyliyini nümayiş etdirdi və tarixi Zəfərimizin əsas dayaqlarından biri oldu. 2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı isə bu birliyin yeni mərhələsinin rəmzinə çevrildi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyə, Vətənə sədaqətə və milli-mənəvi dəyərlərimizə hörmətə çağırışdır. Bu əlamətdar gün münasibətilə dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edir, xalqımıza birlik, dövlətimizə davamlı inkişaf və əbədi Zəfərlər arzulayıram", - deyə millət vəkili bildirib.