Çin, Qobi səhrasında yerləşən dünyanın ən böyük maye hava enerji saxlama təsisini qısa müddət ərzində istifadəyə verməyə hazırlaşır. Layihənin məqsədi ildə 180 milyon kWh elektrik istehsal etmək və elektrik şəbəkəsini tarazlamaqdır. Bu təsis həm tutumu, həm də texnoloji infrastrukturu ilə enerji saxlama sahəsində fərqlilik yaradacaq.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, təsis xaricdən baxıldıqda bir sıra ağ tanklardan ibarət görünür. Tankların içində hava xüsusi sistemlər vasitəsilə sıxılır və -194°C dərəcəyə qədər soyudularaq maye halına gətirilir. Maye hava saxlanıldıqdan sonra nəzarət altında sərbəst buraxıldıqda həcmi 750 dəfədən çox genişlənir və bu enerjiylə turbinlər fırladılaraq elektrik istehsal olunur. Beləliklə, elektrik kimyəvi batareyalara ehtiyac olmadan fiziki proses vasitəsilə saxlanılır və şəbəkəyə verilir.
Layihə “China Green Development Investment Group” tərəfindən, Çin Elmlər Akademiyasına bağlı TIPC-CAS ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Müəssisə tək bir dövrədə 600 min kWh elektrik istehsal edə bilir və 10 saat fasiləsiz işləyə bilir. İllik ümumi istehsal tutumu 180 milyon kWh səviyyəsindədir ki, bu da təxminən 30 min evin illik elektrik ehtiyacını qarşılayır.
Sistem əsasən bərpa olunan enerji mənbələrinin: günəş və külək enerjisinin dalğalı istehsalını tarazlamaq üçün nəzərdə tutulub. Elektrik istehsalının yüksək olduğu dövrlərdə artıq enerji mayeləşdirilərək saxlanılır, tələb artdıqda isə bu enerji yenidən şəbəkəyə verilir.
Zavod Qobi səhrasındakı 250 min kilovatlıq günəş stansiyasından enerji alır. Sistem soyuq saxlama səmərəliliyi 95%-dən yuxarı, ümumi dövr səmərəliliyi isə 55%-i aşır. Ekspertlər bildiriblər ki, bu layihə bərpa olunan enerji sahəsində qlobal miqyasda əhəmiyyətli addım olacaq və enerji təhlükəsizliyinə töhfə verəcək.
Bəsti Rəfizadə
Sfera.az