Dünya üzrə uşaqlarda ən çox rast gəlinən xəstəliklər pnevmoniya, diareya, malariya və tüberkülozdur.
Sfera.az xəbər verir ki, UNICEF-in məlumatına görə, bu xəstəliklər hər il milyonlarla uşağın sağlamlığına təsir edir və minlərlə uşaq həyatını itirir.
UNICEF-in açıqlamasında qeyd olunur ki, pnevmoniya 5 yaşdan kiçik uşaqlar arasında ölümün əsas infeksion səbəbi olaraq qalır. Statistika göstərir ki, hər il 700 mindən çox uşaq pnevmoniya nəticəsində dünyasını dəyişir. Diareya isə ölüm səbəbi üzrə ikinci yerdədir və ildə təxminən 400 min uşağın ölümünə səbəb olur. Malariya da uşaqlar üçün ciddi risk olaraq qalır, xüsusən Afrika ölkələrində uşaq ölüm göstəricilərinin əsas səbəblərindən biridir. Tüberküloz isə dünyada on minlərlə uşağın xəstələnməsinə və ağırlaşmalar yaşamasına yol açır. Hesabatda həmçinin qidalanma problemi vurğulanır. UNICEF bildirir ki, dünyada uşaqlarda artıq çəki və piylənmə halları sürətlə artır və bəzi regionlarda artıq çəki halları qidalanma çatışmazlığından daha çox qeydə alınır. Bu isə gələcəkdə şəkərli diabet və ürək-damar xəstəliklərinin artacağına dair narahatlıq yaradır.
Qeyd edək ki, uşaqlar arasında xəstəliklərin yayılmasının əsas səbəbləri kimi vaksin çatışmazlığı, təmiz su və sanitariya problemləri, səhiyyə xidmətlərinə çıxışın məhdudluğu və düzgün qidalanmamanı göstərirlər.
Fidan Hacızadə
Sfera.az