XVI əsrin ən məşhur kahinlərindən biri hesab olunan fransız astroloq Nostradamusun 1555-ci ildə çap olunan “Les Prophéties” (“Kəhanətlər”) kitabında yer alan şifrəli misralar yenidən gündəmə gəlib.
Bu dəfə müzakirə mövzusu onun 2026-cı ilə aid olduğu iddia edilən proqnozlarıdır.
Sfera.az xəbər verir ki, Nostradamusun gələn il üçün yozulan kəhanətləri əsasən qlobal miqyasda siyasi qeyri-sabitlik, müharibə təhlükəsi, texnoloji silahlanma və ekoloji risklər üzərində cəmlənir. Mütəxəssislər hesab edirlər ki, yüzillər əvvəl yazılmış bu sətirlər müasir dövrün reallıqları fonunda daha da narahatedici görünür. Kəhanətlərdə yer alan “Böyük bir adam gündüz vaxtı bir ildırım zərbəsi ilə düşəcək” ifadəsi xüsusilə diqqət çəkir. Analitiklərin bir qismi bu misranı dünya liderinə və ya tanınmış siyasi fiqura qarşı sui-qəsd ehtimalı kimi şərh edir.
Digər yanaşmaya görə isə “ildırım” anlayışı simvolik məna daşıyır və lazer texnologiyaları, pilotsuz uçuş aparatları və ya yüksək dəqiqlikli müasir silah sistemlərinə işarə edə bilər. Nostradamusun daha qorxulu hesab edilən başqa bir misrasında isə deyilir:
“Yeddi ay davam edən böyük müharibə, insanlar pislikdən öldü”.
Bu ifadə müasir tədqiqatçılar tərəfindən hazırda davam edən regional münaqişələrin daha genişmiqyaslı savaşa çevrilə biləcəyi ehtimalı ilə əlaqələndirilir. Bəzi ekspertlər bu kəhanətin hətta Üçüncü Dünya müharibəsi riskinə eyham vurduğunu bildirir. Misralarda Fransanın Ruan və Evre şəhərlərinin adının çəkilməsi isə mümkün qarşıdurmaların Avropaya da sıçraya biləcəyini göstərən simvol kimi dəyərləndirilir.
Digər maraqlı proqnoz isə “Haradan gəldiyi məlum olmayan böyük bir arı sürüsü” ifadəsidir. Ənənəvi yozumlarda bu, ekoloji fəlakət, kütləvi böhran və ya istilanı ifadə etsə də, müasir dövrdə bir çox analitik bu bənzətməni müharibələrdə istifadə olunan dron sürüləri ilə əlaqələndirir.
Xüsusilə son illərdə pilotsuz aparatların hərbi əməliyyatlarda artan rolu bu ehtimalı gücləndirir. Kəhanətlərin ən çox müzakirə olunan hissələrindən biri də belədir: “Mars ulduzlar arasındakı yoluna hökm edərkən şərqdə üç od qalxacaq, qərb səssizcə işığını itirəcək.” Astroloji baxımdan Mars müharibə və qarşıdurma rəmzi sayılır. Bu sətirlər Asiya istiqamətində üç böyük münaqişənin alovlanacağı, eyni zamanda Qərb ölkələrinin siyasi, iqtisadi və geosiyasi təsir gücünün zəifləyəcəyi kimi izah olunur. Qeyd edək ki, Nostradamusun kəhanətləri əsrlərdir müxtəlif cür şərh olunur və onların dəqiqliyi elmi şəkildə sübut edilməyib. Buna baxmayaraq, hər dəfə dünya böhranları fonunda bu misraların yenidən gündəmə gəlməsi cəmiyyətin gələcəyə dair narahatlıqlarını və qeyri-müəyyənlik hissini bir daha ön plana çıxarır.
Firuzə Əliyeva