Yeni ilin ilk günü Naxçıvanda əsl bayram abu-havası hökm sürürdü. Gecədən yağan qar şəhəri ağ örpəyə bürümüş, soyuq hava isə bayram sevincinə mane ola bilməmişdi.
Şəhərin mərkəzi hissəsi səhər saatlarından etibarən insanların axınına şahidlik edirdi. Hər kəs yeni ilin ilk gününü evdə deyil, bayramın mərkəzində – işıqlı şam ağacının ətrafında keçirməyə üstünlük verirdi. Şəhərin mərkəzində quraşdırılan möhtəşəm yolka Naxçıvanın yeni ilə necə hazırlaşdığının bariz nümunəsi idi. Minlərlə işığın bəzədiyi yolka gecə saatlarında xüsusilə füsunkar görüntü yaradırdı. Yolkanın ətrafında təşkil olunan bayram yarmarkası isə insanlara həm əyləncə, həm də istirahət fürsəti təqdim edirdi. İsti içkilər, şirniyyat köşkləri, suvenirlər və bayram aksesuarları qarlı havada meydanı daha da canlandırırdı. Havanın şaxtalı olmasına baxmayaraq, meydanda izdiham müşahidə olunurdu. Ailələr, gənclər, yaşlılar – hər kəs bayramın bir parçası idi. İnsanlar telefonları və fotoaparatları ilə bu anları ölümsüzləşdirməyə çalışır, şam ağacının, qarın və bayram dekorasiyalarının fonunda xatirə şəkilləri çəkdirirdilər.
Xüsusilə gənclər və turistlər üçün Naxçıvanın qarlı yeni il mənzərəsi maraq doğururdu. Bayramın ən sevincli anlarını isə uşaqlar yaşayırdı. Meydanda dolaşan Şaxta baba və Qar qız balacaların böyük marağına səbəb olurdu. Onlarla şəkil çəkdirmək üçün növbəyə duran uşaqların sevinc dolu baxışları, gülüşləri meydanı daha da isidirdi. Cizgi film personajları isə sanki uşaqların sevimli ekran qəhrəmanlarını real həyata gətirmişdi. Bu personajlar ətrafına toplaşan uşaqlarla ünsiyyət qurur, bayramın nağıl ab-havasını gücləndirirdi.
Qarlı hava Naxçıvanın yeni il görüntülərinə xüsusi gözəllik qatmışdı. Ağ örtük altında qalan ağaclar, işıqlandırılmış küçələr və bayram dekorasiyaları şəhəri sanki açıq səma altında qurulmuş bir səhnəyə çevirmişdi. Bəzi sakinlər bu mənzərəni “illər sonra xatırlanacaq yeni il” kimi dəyərləndirirdi. Meydanda gəzişən insanlar yeni ildən gözləntilərini də bölüşürdülər. Kimisi sağlamlıq, kimisi sülh, kimisi isə daha sabit və firavan həyat arzulayırdı.
Ümumi əhval-ruhiyyə isə nikbin idi – yeni il yeni ümidlər, yeni başlanğıclar demək idi. Yeni ilin ilk günü Naxçıvanda təkcə təqvimin dəyişməsi deyil, həm də insanların bir araya gələrək paylaşdığı sevinc, istilik və ümid günü kimi yadda qaldı. Qarlı hava, işıqlı yolka, bayram yarmarkası və insanların səmimi gülüşləri şəhərin yaddaşına yeni ilin ilk kadrları kimi həkk olundu.
Firuzə Əliyeva
Sfera.az