2025-ci il bir çox ölkə üçün siyasi baxımdan həlledici oldu. Dünyanın 27 ölkəsində prezident seçkiləri keçirildi, bəzilərində hakimiyyət dəyişdi, bəzilərində isə mövcud liderlər mövqelərini qorudu.


 


Sfera.az il ərzində baş tutan əsas prezident seçkilərinin qısa icmalını təqdim edir. Avropada bir sıra ölkələrdə seçkilər diqqət çəkdi. Xorvatiyada Zoran Milanoviç böyük səs fərqi ilə yenidən prezident seçildi.


 


Belarusda Aleksandr Lukaşenko növbəti dəfə dövlət başçısı oldu. Yunanıstanda prezident parlament tərəfindən seçildi, Rumıniya və Polşada isə ikinci turda qaliblər müəyyənləşdi. İrlandiya tarixində üçüncü qadın prezident seçildi. Amerika qitəsində Ekvadorda hazırkı prezident Daniel Noboa ikinci müddətə qalib gəldi. Surinam ilk dəfə qadın prezidenti seçdi. Qayana, Barbados, Boliviya və Hondurasda da prezident seçkiləri keçirildi.


 


Çilidə isə Xose Antonio Kast ölkənin son onilliklərdə ilk ultra-sağ prezidenti oldu. Asiyada Livan uzun fasilədən sonra yeni prezident seçdi. Cənubi Koreyada seçkilər nisbi səs çoxluğu ilə nəticələndi və Li Çje Myonq dövlət başçısı oldu. Afrikada seçkilər daha mürəkkəb siyasi fonla yadda qaldı. Qabon çevrilişdən sonra ilk dəfə prezident seçdi. Toqoda konstitusiya dəyişikliyindən sonra prezident parlament tərəfindən müəyyənləşdirildi. Malavi, Seyşel adaları, Kamerun, Kot-d’İvuar və Tanzaniyada mövcud və ya keçmiş liderlər yenidən hakimiyyətə gəldilər.


 


Qvineya-Bisauda isə seçkilər hərbi çevriliş səbəbindən yarımçıq qaldı. Okeaniyada Nauru parlamenti hazırkı prezident David Adeangı ikinci müddətə yenidən seçdi. 2025-ci ildə keçirilən prezident seçkiləri dünyada həm siyasi sabitliyin qorunduğu, həm də dəyişikliklərin baş verdiyi bir il kimi yadda qaldı.


 


Firuzə Əliyeva


Sfera.az