Yeni il bayramı başa çatsa da, bir çox ailələrdə bayram süfrəsindən qalan yeməklər hələ də istifadə olunur. Mütəxəssislər isə xəbərdarlıq edir ki, yeməklərin bir neçə gün ardıcıl yeyilməsi və düzgün saxlanılmaması sağlamlıq üçün ciddi risklər yarada bilər.
Sfera.az bildirir ki, bayram günlərində hazırlanan müxtəlif yeməklər uzun müddət süfrədə qaldıqdan sonra soyuducuya yerləşdirilir və növbəti günlərdə yenidən qızdırılaraq istifadə olunur. Qida təhlükəsizliyi üzrə mütəxəssislərin sözlərinə görə, bu vərdiş xüsusilə ət, toyuq, balıq və mayonezli salatlar üçün təhlükəlidir. Belə qidalar bakteriyaların sürətlə çoxaldığı məhsullar sırasına daxildir.
Mütəxəssislər bildirir ki, yeməklər bir neçə dəfə qızdırılıb soyudulduqda qida zəhərlənməsi riski artır. Xüsusilə bayram süfrəsində saatlarla otaq temperaturunda qalan yeməklər sonradan soyuducuya qoyulsa belə, təhlükəsiz sayılmır. Bu cür qidaların istifadəsi ürəkbulanma, qusma, ishal və ümumi halsızlıqla müşayiət olunan zəhərlənmələrə səbəb ola bilər.
Araşdırmalara görə, hər bir yeməyin saxlanma müddəti var və bu müddət keçdikdən sonra qidanın xarici görünüşü normal olsa belə, onun istifadəsi risklidir. Belə ki, bişmiş ət yeməkləri soyuducuda maksimum iki-üç gün, toyuq və balıq məhsulları isə bir-iki gün saxlanıla bilər. Mayonezli salatların isə 24 saatdan artıq istifadə edilməsi tövsiyə olunmur.
Şorbalar və sulu yeməklər iki-üç gün ərzində saxlanıla bilər, lakin hər istifadə zamanı qaynama dərəcəsinə qədər qızdırılmalıdır. Quru şirniyyatlar, o cümlədən paxlava və şəkərbura beş-yeddi gün, kremli tortlar isə maksimum iki-üç gün saxlanmalıdır. Açılmış pendir və kolbasa məhsullarının da üç-beş gündən sonra istifadəsi risk daşıyır. Mütəxəssislər tövsiyə edir ki, bayramdan sonra yeməklər kiçik porsiyalarla saxlanılsın, yalnız bir dəfə qızdırılsın və qoxusu, rəngi dəyişmiş qidalar istifadə olunmasın. Qida təhlükəsizliyinə riayət olunması yeni ilin ilk günlərində sağlamlıq problemlərinin qarşısını almaq baxımından mühüm hesab edilir.
Firuzə Əliyeva
Sfera.az