ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin keçmiş milli təhlükəsizlik müşaviri Filip Qordon “The New York Times” (NYT) qəzetində dərc olunan məqaləsində bildirib ki, ABŞ Prezidenti Donald Trampın Kiyevə zəruri təhlükəsizlik zəmanətlərini verməsi ehtimalı azdır.
Sfera.az xəbər verir ki, Qordonun fikrincə, bu şübhələr Trampın indiyədək Rusiya Prezidenti Vladimir Putinlə birbaşa qarşıdurmadan yayınması ilə bağlıdır.
O qeyd edib ki, Tramp vəzifədə olduğu ilk il ərzində Ukraynaya hərbi və maliyyə dəstəyini azaldıb, eyni zamanda Rusiya ilə ABŞ arasında əməkdaşlığı genişləndirmək niyyətini dəfələrlə dilə gətirib.
Məqalədə vurğulanır ki, ABŞ-nin Ukrayna ilə müzakirə etdiyi saziş layihəsində yeni təhlükəsizlik zəmanətlərinin yalnız qəsdən və davamlı hücum halında qüvvəyə minməsi nəzərdə tutulur. Bu isə ABŞ prezidentinə hücumu kiçikmiqyaslı, təsadüfi və ya müvəqqəti hesab etdiyi təqdirdə zəmanətlərin tətbiqindən imtina etmək imkanı yaradır.
Niyaz Hacıyev
Sfera.az