Bu il narın satış qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur.
Sfera.az xəbər verir ki, Bizim.Medianın əməkdaşı qiymətlərin artmasının səbəblərini araşdırmaq üçün Yevlax və Beyləqan bazarlarına üz tutub.
Beyləqan bazarında nar satışı ilə məşğul olan Mahir Allahyarov deyib ki, qiymətlərin bu qədər artmasının səbəbi xarici bazarlarda nara olan təlabin yüksəlməsidir:
"Bu il əvvəlki illərə nisbətən narın qiyməti çox yüksək olub. Keçən il payızda ən yaxşı narın kq-ı 80 qəpik- 1 manat aralığında dəyişirdisə, bu il 2 manat 50 qəpik - 3 manat arasında dəyişir. Bunun da səbəbi xarici bazarlarda nara olan tələbdir. Demək olar ki, narın 80 faizi xarici ölkələrə göndərilir. Bu da qiymətin artmasına səbəb olub".
Yevlax bazarında da narın qiyməti əl yandırır. Şəhər sakini Esmira Məmmədova narın qiymətinin artmasından şikayətlənib:
"Hər il bayramqabağı ən yaxşı narın qiyməti 2 manat olardı. Bu il isə qiymətlər 3.50 - 4 manat arası dəyişir. Payızda da demək olar ki, qiymətlər buna bənzər idi. Nar mənim ən çox sevdiyim meyvələrdəndir. Təəssüflər olsun ki, bu il doyunca nar yeyə bilmədik. Hər il Yevlaxın öz kəndlərindən və qonşu rayonlardan Ağdaş, Göyçaydan bazara nar gətirilərdi. Bu il isə demək olar ki, az gətirilir, o da “od” qiymətinə..."