“Azərbaycan valyuta ehtiyatlarının həcmi ölkənin iqtisadi dayanıqlığını və fiskal imkanlarını gücləndirir”. 


 


Sfera.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib. 


 


O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində ölkənin valyuta ehtiyatlarının tarixi rekord həddə – 80 milyard dollardan artıq olduğunu açıqlayıb. 




V.Bayramov bildirib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları onun ümumi daxili məhsulundan (ÜDM) 8 faiz çoxdur və bu göstərici ilə Azərbaycan dünyada valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı ölkələrdəndir:


 



 


"2025-ci ildə valyuta ehtiyatları 14 faiz artaraq 83,6 milyard dollara çatıb. Bu artımda Dövlət Neft Fondunun investisiya portfelinin şaxələndirilməsi mühüm rol oynayıb. Son illər fond qızıla sərmayələri artıraraq portfelin 185 tona çatmasına nail olub. Qızıl alışının artması hesabına fondun investisiyalarında ABŞ dolları üstünlük təşkil edib və portfelin 68 faizi dollarda saxlanılır.


Əksər ölkələrdə valyuta ehtiyatları ÜDM-in kiçik hissəsini təşkil edir. Məsələn, Sinqapurda 66 faiz, Rusiyada 17 faiz, Braziliyada 14 faiz, Çində 6,2 faizdir. Avropa ölkələrində bu göstərici daha aşağıdır; Almaniyada isə cəmi 0,7 faiz təşkil edir".




V.Bayramov qeyd edib ki, yüksək valyuta ehtiyatları “orta güc” dövlətlər üçün iqtisadi sabitliyin təmin olunması və dövlət xərclərinin fasiləsiz ödənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.


 


Niyaz Hacıyev

Sfera.az