Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya və yaşayış xərclərinin artması fonunda dünyanın iri şəhərlərində orta əməkhaqlarının səviyyəsi xüsusi maraq doğurur. 2025-ci il üçün açıqlanan yeni reytinq bir daha göstərir ki, planetin ən böyük metropolları arasında gəlir fərqi son dərəcə kəskindir – bəzi şəhərlərdə aylıq maaş minlərlə dollarla ölçülürsə, digərlərində bu rəqəm bir neçə yüz dolları belə keçmir.


 


Sfera.az xəbər verir ki, "Naked Science"in yaydığı məlumata əsasən, siyahının zirvəsində ənənəvi olaraq İsveçrə şəhərləri qərarlaşıb. 


 


Belə ki, Cenevrədə ortaaylıq maaş 7 984 dollar, Sürixdə isə 7 788 dollar təşkil edir. Bu göstəricilər İsveçrəni dünyanın ən yüksək gəlirli şəhərlərinə sahib ölkəyə çevirir.


 


Reytinqdə növbəti pillədə ABŞ-nin San-Fransisko şəhəri yer alıb. Burada ortaaylıq əməkhaqqı 7 092 dollar səviyyəsindədir. Qeyd edək ki, son beş il ərzində San-Fransiskoda maaşlar 10,6 faiz azalsa da, şəhər hələ də ABŞ üzrə ən yüksək əməkhaqqı təklif edən mərkəz olaraq qalır.


 


Yüksək gəlirli şəhərlər siyahısında Lüksemburq da var. Burada ortaaylıq maaş 6 156 dollar təşkil edir. ABŞ-nin digər iri şəhərləri olan Boston (5 940 dollar), Çikaqo (5 203 dollar) və Nyu-York (5 128 dollar) da ilk onluqda yer alaraq qlobal əmək bazarında lider mövqelərini qoruyur. 


 


Müqayisə üçün qeyd edək ki, Moskvada ortaaylıq əməkhaqqı təxminən 1 650 dollar səviyyəsindədir.




Mütəxəssislərin fikrincə, bu şəhərləri birləşdirən əsas amillər yüksək gəlirli sahələrin - maliyyə, texnologiya və peşəkar xidmət sektorlarının üstünlük təşkil etməsi, sıx və rəqabətli əmək bazarı, eyni zamanda yaşayış xərclərinin yüksək olmasıdır. Bu faktorlar nominal əməkhaqlarının artmasına birbaşa təsir göstərir.


 


Reytinqin aşağı pillələrində isə əsasən inkişaf etməkdə olan ölkələrin iri şəhərləri yer alır. 2025-ci ildə bu şəhərlərdə ortaaylıq gəlir 1 000 dollardan aşağı qalır. Siyahıda Qahirə (165 dollar), Boqota (375 dollar) və Rio-de-Janeyro (439 dollar) kimi böyük metropollar var. Bu göstəricilər dünyanın ən böyük şəhərləri arasında belə əməkhaqqı uçurumunun nə qədər dərin olduğunu açıq şəkildə nümayiş etdirir.


 


Araşdırmada 2020–2025-ci illər dövründə maaş dinamikasına da diqqət yetirilib. Son beş il ərzində 69 şəhərdən yalnız yeddisində orta gəlirlərin azaldığı müəyyən edilib. Lakin bu azalma bəzi şəhərlərdə kifayət qədər kəskin olub. Ən ciddi geriləmə Qahirədə qeydə alınıb. Burada orta əməkhaqqı 40,1 faiz azalıb. Tokio isə yüksək gəlirli iqtisadiyyata malik olmasına baxmayaraq, bu dövrdə maaşların 13,1 faiz azalması ilə diqqət çəkib.


 


Mütəxəssislər hesab edirlər ki, bu tendensiyalar qlobal iqtisadi dəyişikliklər, pandemiyadan sonrakı dövrün təsirləri və regional əmək bazarındakı struktur problemlərlə bağlıdır.

 


Firuzə Əliyeva


Sfera.az