Son illərdə gənclər arasında yuxu pozuntularının artdığı bildirilib. Türk Yuxu Təbabəti Dərnəyinin sədri, professor doktor Zeynəb Zeren Uçarın sözlərinə görə, səhər günəşi yuxu problemi yaşayan gənclər üçün mühüm rol oynayır və bu baxımdan təbii müalicə vasitəsi hesab edilə bilər.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Sağlamlıq Elmləri Universitetinin İzmir Tibb Fakültəsinin Ağciyər Xəstəlikləri kafedrasının müəllimi olan Zeynəb Zeren Uçar bildirib ki, nizamsız həyat tərzi insanların yuxu saatlarını pozur. Xüsusilə gənclər arasında sosial həyatla bioloji saat arasındakı uyğunsuzluq “sosial jetlaq” kimi tanınır və bu problem getdikcə daha çox yayılır.




Mütəxəssisin sözlərinə görə, sosial jetlaq yaşayan gənclər gecə saatlarında gec yatır, səhərlər isə gec oyanırlar. Nəticədə gündəlik həyatlarını normal şəkildə davam etdirə bilmir, təhsil və iş fəaliyyətlərində çətinliklərlə üzləşirlər. Bildirilib ki, 16-22 yaş arası gənclərin təxminən 30-40 faizində bu cür yuxu pozuntuları müşahidə olunur.


 


Uçar qeyd edib ki, bu şəxslər vaxtında yatağa girsələr belə, yuxuya getməkdə çətinlik çəkirlər. Bu vəziyyət zamanla melatonin hormonunun ifraz ritmini pozur və yuxu rejimində davamlı problemlərə səbəb olur. Gec saatlarda mavi işığa: telefon, planşet və televiziya ekranlarına məruz qalmaq isə problemi daha da dərinləşdirir.


 


Mütəxəssis vurğulayıb ki, sosial jetlaq müalicə edilə bilən bir vəziyyətdir. Onun tövsiyəsinə görə, gənclər ən gec saat 23:00-da yatmalı, səhərlər isə 07:30-08:00 aralığında oyanmalıdırlar. Eyni saatlarda yatmaq və oyanmaq yuxu rejiminin bərpası üçün əsas şərt sayılır.


 


Uçar həmçinin bildirib ki, səhər saat 11:00-a qədər günəş işığına çıxmaq axşam saatlarında melatonin hormonunun daha düzgün ifraz olunmasına kömək edir.


 


“Səhər günəşi yuxu problemi yaşayan gənclər üçün çox vacibdir. Günəş təkbaşına dərman kimidir”, – deyə o qeyd edib.




Bəsti Rəfizadə

Sfera.az