Cənubi Keçid Şurası Cənubi Yəməndə müstəqil bir dövlət yaratmağa çalışır və buna hərbi güc tətbiq etməklə nail olmaq istəyir.
Sfera.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Məlumata əsasən, Cənubi Yəmənə hakim olan qüvvələr istəklərinə nail olmaq üçün ilk növbədə referendum keçirilməsinə çalışacaqlar.
Bunun üçün onlar BMT, Səudiyyə Ərəbistanı, BƏƏ və digər dövlətlərə, beynəlxalq təşkilatlara müraciət edərək referendurumun dinc şəraitdə keçirilməsini dəstəkləməyi xahiş edəcəklər.
Əsas tələb ölkənin cənubunda dinc yolla müstəqil dövlətin qurulmasıdır. Bu, uzunmüddətli bir plandır. Lakin qısamüddətli məqsəd Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələrini cənub hissədən qovmaqdır.
Səudiyyə Ərəbistanı isə Yəmənin mərkəzi hökumətini dəstəkləyir. Mərkəzi hökumət ölkənin bütün hissəsində, xüsusən də cənubda hakimiyyətini bərqara etməyə çalışır. BƏƏ burada mərkəzi hökumətə maneə yaradan tərəfdir. Onlar Cənub Keçid Şurasını dəstəkləyir.
"Əl-Cəzirə" iddia edir ki, mövcud vəziyyətdə problemin dinc yolla həlli real görülmür. Buna görə də regionda hərbi toqquşmaların genişlənməsi ehtimalı böyükdür.
Firuzə Əliyeva
Sfera.az