“Samsung” mobil texnologiyalar sahəsində yeni mərhələnin əsasını qoyacaq “Exynos 2600” prosessorunu təqdim edib. Dünyanın ilk 2 nanometrli çipseti kimi tanıdılan bu yeni prosessorun süni intellekt funksiyalarını internet bağlantısı olmadan işlədəcəyi bildirilib.


 


Sfera.az xəbər verir ki, şirkətin açıqlamasına görə, “Galaxy S26” seriyası ilə birlikdə 2026-cı ilin ilk rübündə istifadəyə verilməsi gözlənilən “Exynos 2600”, cihazdaxili süni intellekt performansını əvvəlki nəsillərlə müqayisədə əhəmiyyətli dərəcədə artıracaq.




Yeni prosessor əvvəlki “Exynos 2500” modeli ilə müqayisədə 113 faiz güc artımı təmin etdiyi iddia edilən tamamilə yeni NPU (neyron emal bloku) ilə təchiz olunub. Bu yenilik süni intellekt əsaslı əməliyyatların daha sürətli və səmərəli icrasına imkan yaradacaq.


 


"Samsung" Koreyanın süni intellekt şirkəti “NotaAI” ilə əməkdaşlıq çərçivəsində “NetsPresso” platformasından istifadə edərək iri süni intellekt modellərini birbaşa cihaz üzərində işlətməyi planlaşdırıb. Bu texnologiya modellərin ölçüsünü azaldaraq yüksək dəqiqliyi qoruyur və internet bağlantısına ehtiyac olmadan mürəkkəb hesablamaların aparılmasına şərait yaradır.


 


Qeyd edək ki, “Samsung” və “NotaAI” daha əvvəl “Exynos 2400” və 2500 seriyalarında da birgə optimizasiya işləri apararaq “Exynos AI Studio” alət dəstini inkişaf etdirmişdi. Şirkətlər bu əməkdaşlıqla mobil cihazlarda süni intellekt təcrübəsini köklü şəkildə dəyişdirməyi hədəfləyib.




Bəsti Rəfizadə

Sfera.az