28 dekabr 2025-ci ildə ABŞ-yə səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı ABŞ Prezidenti Donald Trampın kobud və sərt münasibət sərgilədiyi iddia edilir.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ mediası Ukrayna Prezidentinin ABŞ-yə səfəri və Rusiya-Ukrayna müharibəsi fonunda aparılan danışıqları təhlil edən məqalə dərc edib.
Yazıda danışıqları yaxından izləyən və adının açıqlanmasını istəməyən yüksək vəzifəli diplomatın sözlərinə istinad edilib. Diplomat bildirib ki, keçirilən görüş zamanı Donald Tramp Volodimir Zelenskiyə qarşı qeyri-etik və sərt davranış nümayiş etdirib. Mənbənin fikrincə, bu münasibət hətta “zalım” kimi qiymətləndirilə bilər.
Diplomat həmçinin iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin Tramp-Zelenski görüşündən əvvəl ABŞ Prezidenti ilə apardığı telefon danışıqları zamanı manipulyativ mövqe tutub. Qeyd olunub ki, hazırkı mərhələdə Ukrayna ilə ABŞ arasında müzakirə edilən razılaşma şərtləri Kiyev üçün daha məqbul görünür, lakin Moskva üçün etiraz doğura biləcək məqamların sayı artıb.
Məqalədə vurğulanıb ki, Ukrayna və Rusiya müəyyən güzəştlərə getməyə hazır olsalar da, əsas problemlərin həlli çətin görünür. Bu vəziyyət tərəflərin hələlik yekun razılaşmadan uzaq olduğunu göstərir. Eyni zamanda, Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik təminatlarının müddətinin uzadılması məsələsinin Rusiyanı ciddi şəkildə narahat etdiyi bildirilib.
28 dekabrda Volodimir Zelenski ilə görüşən Donald Tramp danışıqlarda razılaşmaya çox yaxın olduqlarını açıqlamışdı. Lakin bir gün sonra, 29 dekabrda Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən rəsmi iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərdiyini iddia edib. Lavrov bu hadisədən sonra Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxacağını bildirib.
Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov da Putinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı bu məsələnin müzakirə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, Tramp baş verənlərə görə şoka düşüb və belə bir hərəkətin mümkün ola biləcəyini təsəvvür etmədiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bu iddiaları təkzib edərək, “Ora heç kim hücum etməyib”, – deyə bəyan edib.
Bəsti Rəfizadə
Sfera.az