ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu zorakılıqla ələ keçirməsindən sonra Fransa dünyada “ən güclünün hüququ” prinsipinin bərqərar olmasına hazırlaşmaq məqsədilə yenidən silahlanmaq niyyətindədir.


 


Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France 2” televiziya kanalına verdiyi müsahibədə bildirib.


 


Belə olduqda sual yaranır: “Yenidən silahlanmaq” dedikdə nə nəzərdə tutulur? Fransa bu proses çərçivəsində başqa hansı diplomatik addımları ata bilər?


 


Suallarımızı cavablandıran politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun həbs olunması beynəlxalq hüquqa ziddir, lakin bunun digərləri üçün president yaratması da doğru hal deyil.


 



 


Onun sözlərinə görə, ABŞ-nin icra etdiyi bu işin hüquqi nəticələrinin digərlərində etiraz yaratmaması üçün beynəlxalq səviyyədə əsaslandırılması lazımdır:


 


“Fransanın silahlanma meyli nəzərdə tutduğu ölkələri işğal planı ilə bağlıdır. Əks halda heç bir ölkə Fransanı işğal etmək istəmir. "Ən güclünün hüququ" prinsipi ilə Əlcəzairi işğal edib ərəb xalqına qarşı misli görünməmiş genosid törətmiş Fransa gərək beynəlxalq hüquqa riayət edərək özü müraciət edib həmin ölkəyə təzminat ödəməli, üzr istəməlidir. Maduro hakimiyyətinin ABŞ üçün yaratdığı təhlükə ilə Vaşinqtonun bu ölkənin neft yataqlarını sümürmə eşqi birləşərək bu həbsin həyata keçirilməsinə səbəb oldu. Fransa yenidən silahlanaraq Ukraynanın müdafiəsi üçün Rusiyaya təziq göstərməz, o yalnız aciz və öz təhlükəsizliyini təmin etmək qüdrətində olmayan zəif müsəlman ölkələrini işğal edib soyqırımı törədə bilər”.


 


Politoloq qeyd edib ki, hər halda ABŞ-nin bu addımı beynəlxalq hüquq normaları ilə uyğun olmasa da, siyasi yöndən əsaslandırılır:


 


“Ola bilsin prezident Maduronun mühakiməsi zamanı da bir çox faktlar etiraf olunsun ki, bu da beynəlxalq aləmin narazılığına qarşı vəziyyəti stabilləşdirsin. Fransa əgər bundan narahatdırsa, beynəlxalq məhkəməyə müraciət edə yaxud BMT-nin toplanmasını tələb edə bilər. Silahlanmaq bu kimi məsələlərdə həll yolu deyil, hegemonluq etmək üçün özünə fürsət tanımaqdır. Bu, heç də diplomatik addım deyil. Bir qədər də irəli getsələr Donald Tramp işğalını nəzərdə tutduğu ölkələrə müdaxiləyə fasilə verib Fransa ilə də məşğul ola bilər və bu da nəinki Avropada, ümumiyyətlə dünyada çox ağır nəticələrə gətirib çıxara bilər. Fransa fərqli diplomatik ritorikadan istifadə etməlidir”.


 


Niyaz Hacıyev


Sfera.az