Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib. Ötən ilin avqustunda Vaşinqtonda Ermənistanla əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən İ.Əliyev bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib.


 


İlham Əliyev Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu da vurğulayıb.


 


Maraqlıdır, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı qlobal nizama necə təsir edir?


 


Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, verilən rəsmi açıqlamadan da görünür ki, görüş kifayət qədər məhsuldar və səmərəli keçib. Onun sözlərinə görə, ümumiyyətlə, ABŞ-də Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra Bakı-Vaşinqton münasibətlərində münbət dinamika müşahidə olunur:


 



 


"Bu, göstərir ki, hər iki tərəf münasibətlərin inkişafında maraqlıdır. Görüşdə müzakirə olunan əsas məsələlərdən biri Cənubi Qafqazdakı sülh quruculuğu, o cümlədən Azərbaycan-Ermənistan normallaşması olub. Məlum olduğu kimi, avqustun səkkizində ABŞ-də Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalardan sonra Cənubi Qafqazda tamamilə yeni reallıq yaranıb. İndi Bakı və İrəvan faktiki olaraq sülhün bir addımlığındadır. Bu məsələdə isə Vaşinqtonun müstəsna rolu var. Şübhəsiz ki, Azərbaycan bundan sonra da prosesi irəlilətməyə davam edəcək. ABŞ-nin sülh quruculuğuna dəstək olacağını, xüsusilə kənar aktorların prosesi tormuzlatmaq cəhdinin qarşısını alacağı gözləniləndir".


 


K.Novruzov qeyd edib ki, ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam tərəflər arasında münasibətlərin inkişafında müstəsna əhəmiyyətə malikdir:


 


"Dekabrın 10-da ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Yəqin ki, 907-ci düzəliş tamamilə ləğv olunacaq. Bu isə qlobal miqyasda kifayər qədər ciddi hadisə olacaq".


 


"Əlbəttə, tərəflər arasında müşahidə olunan siyasi dinamika öz növbəsində iqtisadiyyata, humanitar sferaya da təsir edir. Sözsüz ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişafı sadəcə ikitərəfli əlaqələr üçün xarakterik deyil. Bu, ABŞ-nin təkqütblü dünya üçün çalışdığı bir vaxtda mühüm qlobal hadisədir",- siyasi şərhçi əlavə edib.


 


Firuzə Əliyeva


Sfera.az