Dünyanın ən zəngin neft ölkələrindən biri olan Venesuelada baş verən son siyasi və hərbi gərginliklər qlobal enerji bazarlarının diqqət mərkəzindədir. ABŞ-nin Karakas və digər bölgələrə endirdiyi zərbələr, sanksiyaların sərtləşdirilməsi və beynəlxalq təklif-tələb balansında yaranan dəyişikliklər fonunda neft qiymətlərinin taleyi yenidən müzakirə mövzusuna çevrilib.




Bəs Venesueladakı son hadisələr qlobal neft qiymətlərinə real təsir göstərəcəkmi, yoxsa bu təsir məhdud qalacaq?




Sfera.az xəbər verir ki, bu haqda Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlama yayıb. 




Onun fikirlərinə əsasən, Venesuelanın gündəlik neft hasilatı ilə bağlı beynəlxalq təşkilatların fərqli göstəriciləri təqdim olunsa da, bütün rəqəmlərdə sözügedən dövlətin bazarda xüsusi mövqeyə malik olmadığı aydınlaşır:




“ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gündəlik 1.098 milyon barel istehsalı ilə Venesuela neft hasilat edən ölkələr arasında 18-ci yerdədir. EİA bütövlükdə neft hasilatının 72 faizinin 10 ölkənin payına düşdüyünü açıqlayır. “Trading Economics” eyni olmasa da, oxşar nəticəni bölüşür: 1.142 milyon gündəlik hasilat ilə siyahıda 17-ci pillə.

Məsələnin digər tərəfi, Venesuelanın neft ixrac edən ölkələr arasında ilk iyyirmilikdə yer almamasıdır. Belə ki, bu ölkə dünya bazarına 438 min barel neft çıxarmaqla ixracatçı ölkələr arasında 22-ci pillədə qərarlaşıb. Neft ixracatının az olması isə təbii ki, Venesuelaya tətbiq edilən sanksiyalar ilə bağlıdır. 2024-cü ildə dəyər ifadəsində neft ixracatının 15.2 faizi Səudiyyə Ərəbistanının payına düşüb. İlk beşliyi Rusiya (9.7 %), ABŞ (9.4 %), Birləşmiş Ərəb Əmirliyi (9.1 %) və Kanada (8.5 %) tamamlayırlar. Amma, investorlar üçün bütün bunlardan daha vacib olan məqam Venesuelanın neft ehtiyatlarına görə dünyada birinci olmasıdır. Kəşf edilən neft ehtiyatlarının 18.2 faizi Venesuelanın payına düşür. Dördülüyü Səudiyyə Ərəbistanı (16.2 faiz), Kanada (10.4 faiz) və İran (9.6 faiz) tamamlayırlar. Bu isə o deməkdir ki, Venesuelanın neft ehtiyatlarının ABŞ tərəfindən istismar edilməsi yaxın gələcəkdə bazara böyük həcmdə neftin daxil olmasına və təklifin kəskin artmasına səbəb olacaq. Bu isə bazardakı qiymətlər üçün isti nə isə vəd etmir. Müqayisə üçün qeyd edək ki, ABŞ sərmayəsinin İraq neft sektoruna daxil olmasından sonra hasilatı kəskin artıran İraq hazırda dəyər ifadəsində ümumi neft ixracatının 8 faizini formalaşdırır”. 


 





Deputat qeyd edib ki, bununla belə, kəskin təklif ssenarisinin reallaşmasının zaman alacağı istisna deyil:




“Çünki Venesualının neft infrastrukturunun texnoloji baxımdan yenidən qurulması sadəcə vəsait deyil, həmçinin zaman tələb edir. Bu isə Venesueladan bazara daxil olacaq böyük neft kütləsi üçün əlavə vaxt deməkdir. Digər ssenari isə Venesuelada potensial xaos riskidir. Bu halda neft bazarı proseslərə fərqli reaksiya verəcək. Bununla yanaşı, bu halda belə neft qiymətlərində kəskin artım gözlənilmir. Çünki Venesuelanın mövcud hasilat və ixracatı bazara xüsusi təsir etmir. Hətta o ixrac azalsa da belə bu qiymət artımları üçün zəmin yaratmır. Bütün bunlar isə deməyə əsas verir ki, hətta qısa müddətdə olmasa da belə, orta müddətdə neftin qiymətlərində hiss edilən azalmalar qaçılmaz olacaq. Bu isə neft gəlirlərinin iqtisadiyyatın diversifikasiya nəticəsində digər mənbələr ilə əvəzlənməsi prioritetliyini daha da artırır”.




Məsələ ilə bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Venesuelanın dünyada böyük neft ehtiyatlarına malik olsa da, son illərdə istehsalının ciddi şəkildə azaldığını qeyd edib:


 





“Bu səbəbdən ölkənin qlobal bazarda təsiri keçmişdəki qədər güclü deyil. ABŞ-nin zərbələri və sanksiyaların sərtləşdirilməsi Venesuelanın neft ixracını məhdudlaşdıra bilər, amma ölkənin neftinin böyük hissəsi artıq Çinə və Hindistana yönəlib. Buna görə də qlobal tədarük tamamilə dayanmır.

Qısa müddətdə hadisələr spekulyativ təzyiq yaradaraq neft qiymətlərində azca artım müşahidə oluna bilər. Orta və uzun müddətdə isə əsas tədarükçülər bazarı stabilləşdirdiyindən təsir məhdud qalacaq. Əgər gərginliklər daha geniş regional münaqişəyə çevrilərsə, məsələn ixrac yolları bloklanarsa, qiymətlərdə ciddi sıçrayış ola bilər. Amma hazırkı vəziyyətdə bu ehtimal aşağıdır. Ümumilikdə, Venesueladakı hadisələr qlobal neft qiymətlərinə qısa müddətli təsir göstərə bilər, uzunmüddətli təsir isə məhdud olacaq”.




Bəsti Rəfizadə

Sfera.az