3 yanvar 2026-da Venesuela qlobal geosiyasət arenasında dramatik bir dönüş nöqtəsi yaşandı. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında ABŞ qüvvələri genişmiqyaslı əməliyyat həyata keçirdi və Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ələ keçirildiyini açıqladı.


 


Tramp bu əməliyyatı Vaşinqtonun “təhlükəsiz və ədalətli səlahiyyət transferi” üçün atılan addım kimi təqdim etdi və keçid dövründə ABŞ-nin Venesuelanı idarə edəcəyini bildirdi.


 


Bu bəyanat beynəlxalq aləmdə kəskin reaksiyalar doğurub, bir çox ölkə bunu suverenliyə müdaxilə kimi qiymətləndirir və Vaşinqtonun enerji sektoruna daha dərindən daxil olacağı ilə bağlı narahatlıqlar mövcuddur. Belə bir şəraitdə Venesuelanın neft ehtiyatlarının dünya bazarına mümkün çıxışı və ABŞ-nin enerji siyasətində yeni söz sahibi olması neft qiymətləri üçün ciddi müzakirə predmetinə çevrilib. Onu da xatırladaq ki, bu ölkə dünyada neft ehtiyatlarının böyük hissəsinə sahibdir.


 


Maraqlıdır, Venesuela nefti bazara qayıdarsa, neft qiymətlərində dəyişikliklər ola bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Venesuela hazırda gündəlik olaraq ortalama 900 min barel neft istehsal edir, amma ixraca yönəldilən həcmlər 700 min bareldən aşağıdır.


 


Onun sözlərinə görə, hazırda dünyada gündə 103 mln bareldən çox neft hasil edilir. Yəni ümumi hasilatda Venesuelanın payı cəmi 0,87% ətrafındadır:


 



 


"Digər tərəfdən, Venesuela neftinin 85%-i cəmi bir ölkəyə – Çinə ixrac edilir. Digər 5%-i Kubaya yönəldilir. Bu da Venesuelaya qarşı ABŞ sanksiyalarının təsirindən qaynaqlanır. Yəni real olaraq digər ölkələrə təqribən günlük 70 min barel neft satılır. Bu da çox cüzi bir həcmdir. Venesuela neftinə dünya bazarında elə bir tələbat da olmayıb, çünki ağır, yüksək kükürdlü neftin bazarda alıcıları çox deyil, bunun üçün məhz ağır neftin emalı üçün nəzərdə tutulan neft emalı zavodları olmalıdır. Ona görə də Venesuela nefti xeyli ucuz qiymətə satılan neft markası hesab edilir.


Hətta qısa müddətdə Venesuela neftinə qarşı sanksiyalar götürülsə, ABŞ şirkətləri orada işlərə cəlb edilsə belə, orada hasilatı cari ilin ortasında cəmi 25-30% artırmaq münkündür. Bu isə qlobal bazar üçün təsir gücü olan bir həcm deyil".


 


İ.Şaban bu həftə neft qiymətlərinin azalmağa başlayacağını istisna etməyib:


 


"Venesuela hadisələrinin bazara emosional təsiri bir reallıqdır, amma müvəqqəti xarakter daşıyacaq amildir. Çünki bazarlarda vəziyyətə daha çox OPEC+ ölkələrinin çıxardığı qərarlar və atdığıaddımlar da təsir edir".


 


Məlumat üçün qeyd edək ki, dünyanın aparıcı investisiya bankları 2026-cı il üçün neftin qiymətləri barəsində müxtəlif proqnozlar verib. “Goldman Sachs” 56, “JP Morgan” 58, “Morgan Stanley” isə 1 barelin qiymətinin 60 dollar ətrafında olacağını proqnozlaşdırıblar. Beynəlxalq Enerji Agentliyi isə bildirib ki, 2026-cı ildə “Brent” markalı neftin 1 barelinin qiyməti 53 dollar olacaq. 


 


Firuzə Əliyeva


Sfera.az