Amerikalı senator Lindsi Qremin İranda davam edən etiraz aksiyaları ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub. Senator bildirib ki, İran xalqı artıq mövcud rejimə açıq şəkildə etiraz edir və bunun əsas səbəbi insanların bu cür şəraitdə yaşamaq istəməməsidir. Lindsi Qrem, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın siyasətindən fərqli olaraq, hazırkı prezident Donald Trampın İran xalqını tək qoymadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, 2026-cı il İran üçün “dəyişiklik ili” olacaq.




Bəs Lindsi Qrem “dəyişiklik ili” deyəndə nəyi nəzərdə tutur?




Bu haqda politoloq Kazım Kazımov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Lindsi Qremin siyasi fəaliyyətinə baxdıqda görürük ki, bu senator həmişə dağıdıcı mövqeyi ilə seçilən bir şəxs olub: 




“O, hər zaman erməni lobbisindən qaynaqlanan, qızışdırıcı mövqelər tutan tərəflərin yanında olub. Ümumiyyətlə bütün ABŞ siyasətçiləri və ABŞ dövləti kimi, Lindsi də İranda baş verən prosesləri çox yaxından izləyir. Bunun əsas səbəbi 1979-cu ildən İran və ABŞ arasında davam edən düşmənçilikdir. Hər iki ölkə bir-birinə düşmən kimi yanaşır və hər fürsətdə bir-birinə qarşı sərt addımlar atmaqdan çəkinmirlər". 




Politoloq qeyd edib ki, İranda baş verən proseslərin əsası var. Onun fikrincə, etirazların əsas səbəbi İranın üzləşdiyi iqtisadi problemlər, hökumətin həyata keçirdiyi, çox da effektiv olmayan siyasət, həmçinin infrastruktur problemləridir. K.Kazımov bildirib ki, bu səbəblərdən İranda əhali arasında narazılıqlar yüksəkdir:


 


"Bu kimi bir çox amil mövcuddur. İranda etirazlar ilk dəfə baş vermir. Son illərə baxdıqda demək olar ki, hər bir-iki ildən bir İranda geniş xalq kütlələri küçələrə çıxır. Ən son isə gənc bir qızın ölümündən sonra olan hadisələrini xatırlayaq. İranda yenidən böyük etiraz dalğası başlamışdı. Bu etirazların da, əlbəttə ki, müəyyən haqlı səbəbləri var. İranda iqtisadi vəziyyət heç də yaxşı deyil. İranda insana verilən dəyərin də yüksək olmadığını düşünürəm. Buna görə insanların küçələrə çıxması, məncə, əbəs yerə deyil. Lakin burada məsələlərə yalnız insanların narazılığı kontekstindən baxmaq da doğru olmaz. Unutmamalıyıq ki, bu gün İranda Qərb ölkələri, xüsusilə İsrail ilə münasibətlər kifayət qədər pisdir və burada xarici müdaxilələrin, xarici medianın, xüsusilə də Qərb mediasının İran əleyhinə apardığı təbliğatın da müəyyən rolu var. O ki qaldı Donald Trampın İrandakı etirazlarla bağlı hansısa addım atıb-atmayacağına, hesab edirəm ki, o, bu proseslərə ən çox media vasitəsilə, siyasi bəyanatlarla və xüsusilə sosial şəbəkələrdə paylaşdığı mesajlarla dəstək verə bilər. Həmçinin keçmiş şahın oğlunu və digər müxalif qüvvələri qəbul edə bilər. Lakin bu addımlar İranın mövcud hakimiyyəti üçün doğrudanmı qorxuludur? Mən hesab edirəm ki, bəli, qorxuludur. Çünki hökumət 1979-cu ildən ABŞ-nin hansı siyasət yürütməsini çox yaxşı bilir. Onlar Donald Trampla iki dəfə qarşı-qarşıya gəlməyin nə demək olduğunu da yaxşı anlayırlar. Bir neçə il əvvəl Qasım Süleymaninin öldürülməsi bunun bariz nümunəsidir. Bu, olduqca kəskin bir vəziyyət idi. Bundan sonra İranın da cavab addımları oldu və yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirildi”.


 





K.Kazımov Lindsi Qremin bir qədər populist mövqe sərgilədiyini qeyd edib:




“O, belə bir görüntü yaratmağa çalışır ki, guya ABŞ dövləti İrana qarşı çox aktiv müdaxilə edəcək və hətta Venesuelada olduğu kimi rejimi qısa müddətdə dəyişdirəcək. Mən bunun baş verəcəyini düşünmürəm. Çünki İran Venesuela deyil. Burada çox fərqli siyasi və ictimai reallıqlar mövcuddur. Hələ də hökumətə müəyyən dərəcədə dəstək var və İranda vəziyyət Venesueladakı kimi deyil. Venesuelada inflyasiya, hətta hiperinflasiya həddinə çatmışdı. İnsanlar ayda təxminən 2-3 dollar maaş alırdılar. İranda isə vəziyyət bu səviyyədə deyil. Buna baxmayaraq, İranda müəyyən islahatlara, həm də ciddi islahatlara ehtiyac var. İran öz vəziyyətini dəyişdirə bilər”.




Bəsti Rəfizadə

Sfera.az