Xocalı rayonunun Şuşakənd kəndi ilk əsgərini qarşılayıb.


 


Sfera.az xəbər verir ki, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa vuraraq, doğma yurduna qayıdıb.


 


Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin sevinci deyil, həm də illərlə həsrətində olduqları Vətənə qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi dəyərləndirilir.


 


Qeyd edək ki, əsgər Famil Hüseynov Ağcabədi rayonundan hərbi xidmətə yola düşüb. Xidmətini başa vuran Familin qarşılanması Şuşakənddə duyğulu anlarla yadda qalıb. Valideynləri üçün bu görüş həm övlad, həm də torpaq həsrətinin bitdiyi an olub.


 


Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də var. Familin atası Kamal Hüseynov da 38 il əvvəl elə bugünkü tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb. İllər sonra eyni yol oğul tərəfindən təkrarlanıb.