Tətil dövrü bitdikdən sonra iş masasına qayıtmaq bir çox insan üçün çətin ola bilər. Uzun istirahət günlərində beynimiz və bədənimiz rahatlama rejiminə keçib, günlük iş ritmini unudub.
Buna görə də ilk günlərdə diqqətin dağılması, məhsuldarlığın düşməsi və hətta işə başlamağa qarşı içdən gələn bir tərəddüd normal haldır. Lakin düzgün strategiyalar və kiçik addımlar sayəsində tətil əhvalını idarə etmək və yenidən iş ritminə qayıtmaq mümkündür.
Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, tətilin bitməsi ilə işə qayıdış arasındakı çətinlik çox zaman iradə ilə əlaqələndirilir, amma əslində bu prosesin kökündə iradə zəifliyi deyil, beynin təbii olaraq dəyişən rejimlərə verdiyi reaksiya dayanır.
Onun sözlərinə görə, insan beyni ani keçidləri deyil, mərhələli uyğunlaşmanı sevir:
“Tətil dövründə beyin təhlükəsizlik və rahatlıq rejiminə keçir, gündəlik məsuliyyət azalır, zaman daha sərbəst hiss olunur və qərar vermə minimuma enir. İş rejimi isə diqqət, planlama, məsuliyyət və davamlı fokus tələb edir. Bu iki fərqli psixoloji vəziyyət arasında kəskin keçid insanın daxilində müqavimət yaradır və fokusun azalmasına səbəb olur, çünki beyin hələ də “rahatlıq vəziyyətini” təhlükəsiz hesab edir və enerjini qorumağa çalışır”.
Psixoloq vurğulayıb ki, tətil sonrası dərhal yüksək performans gözləmək beyində gərginlik yaradır və daxili təzyiqi gücləndirir:
“Halbuki problem insanın özü deyil, keçidə icazə verilməməsidir. Psixoloji baxımdan ən sağlam yanaşma özünə zaman tanımaqdır. Kiçik tapşırıqlara diqqət ayırmaq, daxili tənqidi azaltmaq və “mükəmməl etməliyəm” düşüncəsini bir az kənara qoymaq fokusun bərpasına kömək edir. İnsan fokuslanmağı iradə ilə yox, təhlükəsizlik hissi ilə təmin edir; özünü psixoloji olaraq təhlükəsiz və qəbul olunmuş hiss etdikdə beyin yenidən aktiv işləməyə başlayır”.
Niyaz Hacıyev
Sfera.az