ABŞ-nin Venesualadan sonra Latın Amerikasının bir sıra ölkələrinə qarşı oxşar hərbi və ya xüsusi əməliyyatlar həyata keçirməyi planlaşdırdığı iddia olunur. Bildirilir ki, bu cür addımlar Vaşinqtonun regionda artan geosiyasi maraqları, təhlükəsizlik narahatlıqları və təsir dairəsini qorumaq istəyi ilə əlaqələndirilir.
Bəs bu iddiaların reallıq payı varmı?
Politoloq Elçin Xalidbəyli mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, son vaxtlar ABŞ-nin öz maraqlarına problem yaradan dövlətlərə qarşı daha aqressiv və sərt addımlar atdığı açıq şəkildə müşahidə olunur:
“Xüsusilə Venesuela hadisəsindən sonra bu ehtimallar daha da güclənib. Üstəlik, ABŞ Prezidenti Donald Tramp açıq şəkildə daha iki ölkəni ciddi şəkildə təhdid edib. Bu ölkələrdən biri Kolumbiyadır. Ağ Ev sahibi bildirib ki, Kolumbiyaya qarşı da oxşar hərbi əməliyyat həyata keçirilə bilər. Digər tərəfdən, Prezident Tramp Meksikanı da hədələyib və qeyd edib ki, Meksikanı formal olaraq bir qadın idarə edir. Meksikanın qadın prezidenti olsa da, onun fikrincə, ölkəni faktiki olaraq narkokartellər idarə edir. Tramp bu səbəbdən Meksika ilə bağlı da müəyyən addımlar atılmalı olduğunu bildirib. Bu isə onu göstərir ki, Meksika da ABŞ-nin hədəfində olan ölkələr sırasındadır”.
E.Xalibəylinin sözlərinə görə, belə anlaşılır ki, ABŞ öz maraqlarına problem yaradan dövlətlərə qarşı Venesuela nümunəsində olduğu kimi eyni cür davranmaq niyyətindədir:
“Lakin Ağ Ev sahibinin təhdidləri bununla məhdudlaşmır. Donald Tramp bildirib ki, Qrenlandiya ABŞ üçün olduqca böyük əhəmiyyət daşıyır və Danimarka Qrenlandiyanı xoşluqla ABŞ-yə verməlidir. Əks halda, Danimarkanın iqtisadiyyatının çöktürüləcəyi və Qrenlandiyanın gec-tez ABŞ-nin tərkibinə daxil olacağı ilə hədələyib. Oxşar təhdidlər Kanadaya qarşı da səsləndirilib. ABŞ Prezidenti Kanadanın ABŞ-nin ştatına çevrilməsini təklif edir və bildirir ki, Kanada rəsmi Vaşinqtonun maliyyə dəstəyi hesabına mövcuddur. Bu səbəbdən Kanada gec-tez ABŞ-nin ştatına çevrilməlidir. Əks halda, Vaşinqton bu maliyyə dəstəyini kəsməklə hədələyir. Bununla yanaşı, ABŞ-nin hədəfləri sırasında Avropa Birliyi də yer alır. ABŞ Avropa İttifaqını zəiflətmək, hətta dağıtmaq və onu özünün iqtisadi və ticarət rəqibləri sırasından çıxarmaq niyyətindədir.
Yekunda belə nəticəyə gəlmək olar ki, Ağ Evin hədəfində təkcə Latın Amerikası deyil. Ümumilikdə dünyanın müxtəlif bölgələrində ABŞ-nin maraqları çərçivəsində bir çox ölkə və qurum hazırda Vaşinqtonun diqqət mərkəzindədir”.
Fidan Hacızadə
Sfera.az