Ağ Evin aparat rəhbərinin müavininin həyat yoldaşı Keti Miller sosial media hesabında Amerika bayrağının rəngləri ilə təsvir edilmiş Qrenlandiyanın xəritəsini paylaşaraq “Tezliklə” yazıb.


 


Bu paylaşım, ABŞ-Danimarka münasibətləri və mümkün geosiyasi planlarla bağlı suallar doğurur.


 


Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələr-gəlməz bir sıra geosiyasi ambisiyalarını ortaya qoydu. Onun sözlərinə görə, Trampın ilk hədəfləri Kanada, Qrenlandiya və Panama oldu:


 



 


“Hətta Qrenlandiyanın ABŞ-ə birləşdirilməsi uzun müddət müzakirə mövzusu oldu. Qrenlandiya və Danimarka əhalisi arasında ABŞ-yə silahsız birləşmə ilə bağlı ictimai rəy sorğuları keçirilsə də, bu məsələ zamanla səngidi və daha sonra unuduldu. Lakin Venesuela prezidenti Maduronun həbs olunması və ABŞ-ə aparılması, ABŞ-nin uzun müddət ərzində müxtəlif coğrafiyalarda fərqli planları olduğuna işarə edir”.


 


Politoloq qeyd edib ki, Trampın ikinci prezidentlik dövründə irəli sürdüyü fikirlərdən biri də Qrenlandiya ilə bağlıdır:


 


“Qrenlandiya ABŞ üçün strateji əhəmiyyət kəsb edir, burada nadir torpaq metalları mövcuddur ki, bu da ABŞ-ə Çinlə mübarizədə əlavə güc təmin edə bilər. Bütün bunlara baxmayaraq, Avropa ilə ABŞ arasındakı geosiyasi problemlər, Danimarkanın ərazi bütövlüyünü qorumaq istiqamətində Brüsseldən gələn çıxışlar və digər amillər ABŞ-nin Qrenlandiya planlarını müəyyən qədər məhdudlaşdırır. Tramp gözlənilməz və sürprizlərlə dolu bir prezident olduğundan, Qrenlandiya, Kanada və digər ərazilər bəlkə də müəyyən əməliyyatlarla nəzarət altına götürülə bilər. Digər tərəfdən, beynəlxalq münasibətlər sistemində radikal üsullarla mübahisələrin həlli və geosiyasi problemlərin güc yolu ilə nizamlanması məsələləri aktuallığını qoruyacaq”.


 


Niyaz Hacıyev


Sfera.az