Xarici mənbələrin məlumatına əsasən, ABŞ Prezidenti Donald Trampın komandası Venesuela üçün yeni idarəetmə planı üzərində işləyir.
Planın hazırlanmasında dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset və Trampın siyasi məsələlər üzrə müşaviri Stiven Miller iştirak edir.
ABŞ Prezidenti Donald Trampın nəzərdə tutulan planı nə ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Ülviyyə Zülfiqar ABŞ Prezidentinin Administrasiyasının Venesuela ilə bağlı daha sistemli və uzunmüddətli yanaşma üzərində düşündüyünü deyib.
Politoloq hesab edir ki, belə planların gündəmə gəlməsi Vaşinqtonun Latın Amerikası siyasətində, Venesuela məsələsinin mühüm strateji əhəmiyyət daşıdığını göstərir:
“Planın hazırlanmasında dövlət katibi Marko Rubionun iştirak etməsi diplomatik və siyasi təzyiq alətlərinin yenidən ön plana çıxarıla biləcəyinə işarə edir. Rubio uzun müddətdir Latın Amerikası, xüsusilə də Venesuela məsələsində sərt mövqeyi ilə tanınır. Bu kontekstdə yeni yanaşmanın məqsədi təkcə hakimiyyət dəyişikliyi deyil, eyni zamanda Venesuelanın regional sistemə daha proqnozlaşdırılan və sürətli şəkildə inteqrasiyası ola bilər. Müdafiə xəttindən prosesə cəlb olunan müharibə naziri Pit Heqset isə planın təhlükəsizlik məsələlərinin də nəzərdən keçirildiyini göstərir. Bu, indiki zamanda birbaşa hərbi müdaxilə ehtimalından çox, Karib dənizi hövzəsində ABŞ-nin mövcudluğunun gücləndirilməsi, müttəfiqlərlə koordinasiyanın artırılması və mümkün risklərin qabaqlanması kimi ssenariləri gündəmə gətirə bilər”.
Ü.Zülfiqar əlavə edib ki, Trampın siyasi məsələlər üzrə müşavirinin də prosesdə iştirakı daxili siyasi faktorların da planın ayrılmaz hissəsi olduğunu göstərir:
“Venesuela mövzusu ABŞ daxilində ideoloji və simvolik əhəmiyyət daşıyır və bu cür təşəbbüslər Tramp administrasiyasının sərt, amma nəzarət edilən xarici siyasətini nümayiş etdirmək üçün mühüm məqamdır.
Ehtimal olunan planın mühüm komponentlərindən biri odur ki, ABŞ hələ bir müddət də təzyiq mexanizmlərini saxlayaraq Venesuela hakimiyyətini islahatlara təşviq edəcək, digər tərəfdən isə enerji bazarları və humanitar vəziyyətlə bağlı əməkdaşlıq kanallarını açıq saxlayacaq. Bu, Vaşinqtonun hazırki məqamda çevik və mərhələli strategiyaya üstünlük verdiyini göstərə bilər.
Tramp administrasiyasının Venesuela üçün nəzərdə tutulan planı ABŞ-yə həm regional maraqlarını qorumaq, həm də beynəlxalq arenada əlavə gərginlik yaratmadan təsir imkanlarını saxlamaq imkanı verməyi nəzərdə tuta bilər”.
Fidan Hacızadə
Sfera.az