Yəməndə davam edən siyasi və hərbi gərginlik fonunda ölkənin gələcək taleyi ilə bağlı ciddi suallar gündəmə gəlir. “Əl-Cəzirə”nin yaydığı məlumata əsasən, Cənubi Keçid Şurasının Cənubi Yəməndə müstəqil dövlət qurmaq planları, bu məqsədə çatmaq üçün həm hərbi gücə, həm də beynəlxalq dəstəyə arxalanması ölkədəki mürəkkəb vəziyyəti daha da dərinləşdirir. Bir tərəfdən Səudiyyə Ərəbistanının dəstəklədiyi mərkəzi hökumət, digər tərəfdən isə BƏƏ-nin yaxın olduğu Cənubi Keçid Şurası arasında maraqların toqquşması fonunda dinc həll perspektivlərinin zəiflədiyi bildirilir.
Bütün bu proseslər fonunda əsas sual yaranır: Yəmənin parçalanma ehtimalı nə dərəcədə realdır?
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verib.
Onun fikirlərinə görə, Cənubi Yəməndə baş verənlər regional rəqabətin və Yaxın Şərqdə mürəkkəb güc balansının daha bir təzahürü kimi qiymətləndirilməlidir:
“Baş verənlər Cənubi Keçid Şurasının məqsədlərinin artıq yalnız muxtariyyətlə məhdudlaşmadığını, müstəqil dövlət quruculuğu istiqamətində sistemli və uzunmüddətli strategiyanın formalaşdırıldığını göstərir. İlk növbədə qeyd etmək lazımdır ki, Cənubi Keçid Şurasının referendum ideyasını gündəmə gətirməsi beynəlxalq legitimlik axtarışıdır. BMT-yə, regional və qlobal aktorlara müraciət planı hərbi yolla əldə ediləcək nəzarətin sonradan siyasi-hüquqi müstəvidə möhkəmləndirilməsi məqsədi daşıyır. Lakin mövcud reallıqlar fonunda Yəməndə dinc referendumun keçirilməsi ehtimalı demək olar ki, yoxdur. Ölkə faktiki olaraq parçalanmış, silahlı qruplar arasında nəzarət zonalarına bölünmüş və mərkəzi hakimiyyətin real təsir imkanları məhdudlaşmış vəziyyətdədir”.
Politoloq bu prosesin ən həssas tərəfinin BƏƏ ilə Səudiyyə Ərəbistanının maraqlarının toqquşması olduğunu vurğulayıb:
“Formal olaraq hər iki ölkə Yəməndə eyni koalisiyada yer alsa da, strateji hədəfləri fərqlidir. Səudiyyə Ərəbistanı vahid, mərkəzləşdirilmiş və öz təsir dairəsində olan Yəmənin qorunmasında maraqlıdır. Bu, həm təhlükəsizlik, həm də sərhəd sabitliyi baxımından Ər-Riyad üçün həyati əhəmiyyət daşıyır. BƏƏ isə daha çox cənub limanları, Bab əl-Məndəb boğazına çıxış və dəniz ticarət marşrutları üzərində təsir imkanlarını gücləndirməyə fokuslanır. Bu baxımdan Cənubi Keçid Şurasının güclənməsi BƏƏ-nin maraqları ilə daha çox uzlaşır. Düşünürəm ki, bu ziddiyyətlərin birbaşa hərbi qarşıdurmaya çevrilmə ehtimalı da olduqca aşağıdır. Çünki BƏƏ və Səudiyyə Ərəbistanı açıq qarşıdurmanın regional mövqelərinə və beynəlxalq imiclərinə ciddi zərbə vuracağını anlayırlar. Lakin dolayı toqquşma, yəni fərqli yerli qüvvələrə dəstək, siyasi manevrlər və təsir uğrunda rəqabət artıq faktiki olaraq mövcuddur və bu rəqabətin dərinləşməsi də gözləniləndir. Yəmənin parçalanma ehtimalına gəldikdə isə, belə bir ehtimal mövcuddur. Hər şey təbii ki, hadisələrin hansı şəkildə inkişaf edəcəyindən asılı olacaq. Amma şimalda husilərin nəzarəti, cənubda Cənubi Keçid Şurasının mövqelərinin möhkəmlənməsi və zəif mərkəzi hökumət vahid dövlət modelini ciddi sual altına qoyur. Tarixi baxımdan Yəmənin artıq bir dəfə, Şimali və Cənubi Yəmən formasında ayrı dövlətlər kimi mövcud olması da bu ehtimalı gücləndirən faktordur.
Odur ki, Cənubi Yəməndəki proseslər təkcə daxili separatizm deyil, regional güclərin rəqabət meydanıdır. BƏƏ-Səudiyyə münasibətləri açıq qarşıdurma həddinə çatmaya bilər, lakin Yəmənin de-fakto parçalanması perspektivi uzun müddətdə də olsa siyasi ssenari kimi qalmaqdadır”.
Bəsti Rəfizadə
Sfera.az