ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Venesuelada baş verən hadisələrdən sonra Vaşinqtonun ritorikasının daha da sərtləşməsi, xüsusilə də “dinc etirazçılara qarşı zorakılıq” arqumentinin açıq müdaxilə mesajı ilə müşayiət olunması yeni geosiyasi suallar yaradıb.
Trampın İran hakimiyyətini birbaşa hədələyən bəyanatı, ABŞ-nin yalnız sanksiyalar və diplomatik təzyiqlərlə kifayətlənməyəcəyinə dair narahatlıqları gücləndirib.
Bu kontekstdə əsas sual belə formalaşır: Venesueladan sonra ABŞ-nin növbəti hədəfi İran ola bilərmi, yoxsa bu açıqlama sadəcə siyasi-psixoloji təzyiq alətidir? Maraqlıdır, ABŞ-nin Venesueladan sonrakı hədəfi İrandır?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı bu açıqlaması klassik diplomatik xəbərdarlıqdan daha çox, Venesuela presedentindən sonra formalaşan yeni davranış modelinin davamı kimi oxunmalıdır. Onun sözlərinə görə, Vaşinqton artıq yalnız bəyanat və sanksiyalarla kifayətlənməyəcəyini, “daxili repressiya” arqumentini legitim müdaxilə alətinə çevirdiyini açıq şəkildə göstərir:
"Venesuelada hakimiyyət dəyişikliyi fonunda Trampın “biz ora getməyə hazırıq” ifadəsi təsadüfi deyil: bu, həm İran daxilində psixoloji təsir yaratmaq, həm də region ölkələrinə ABŞ-ın qlobal miqyasda daha sərt və riskli mərhələyə keçdiyi mesajını vermək məqsədi daşıyır. Lakin Venesueladan fərqli olaraq İran yalnız regional deyil, qlobal güc balansının mərkəzi aktorlarından biridir və burada istənilən addım daha geniş zəncirvari nəticələr doğura bilər".
Politoloq qeyd edib ki, ABŞ-nin Venesueladan sonrakı “birbaşa hədəfi”nin İran olduğunu demək hələ tezdir, lakin İranın növbəti böyük təzyiq platformasına çevrildiyi artıq açıq görünür. Z.Qarayeva nəzərə çatdırıb ki, Venesuelada enerji resursları və regional nəzarət əsas motiv idisə, İranda məsələ daha mürəkkəbdir:
"Yaxın Şərq təhlükəsizliyi, İsrail amili, nüvə proqramı və qlobal enerji marşrutları bir-biri ilə kəsişir. ABŞ üçün İrana qarşı Venesuela tipli açıq müdaxilə ssenarisi son dərəcə risklidir və böyük ehtimalla Vaşinqton hələlik daxili etirazları stimullaşdırmaq, informasiya müharibəsini dərinləşdirmək və regional müttəfiqlər üzərindən təzyiqi artırmaq yolunu seçəcək. Amma Venesuela presedenti göstərir ki, əgər siyasi şərait “uyğun pəncərə” yaratsa, ABŞ əvvəlki illərdə mümkün sayılmayan variantları belə masaya qoymaqdan çəkinməyə bilər".
Firuzə Əliyeva
Sfera.az