“Samsung”un yeni flaqman smartfon seriyası “Galaxy S26”nın qiymətləri ilə bağlı məlumatlar üzə çıxıb. Şirkət artan istehsal xərclərinə və qlobal iqtisadi dalğalanmalara baxmayaraq, “Galaxy S26” seriyasında qiymət artımına getməməyi planlaşdırır.
Sfera.az xəbər verir ki, şirkətdən yayılan məlumatlara görə, Cənubi Koreya texnologiya nəhəngi bu addımı “Apple”ın “iPhone 17” seriyasında tətbiq etdiyi aqressiv qiymət strategiyasına cavab olaraq atıb.
“Samsung”, komponentlərin bahalaşmasını və valyuta məzənnələrindəki dəyişiklikləri istehlakçılara yansıtmaq əvəzinə, öz mənfəət marjasından güzəştə gedərək qiymətləri sabit saxlamağı hədəfləyib.
Məlumata əsasən, “Galaxy S26” modeli 799 dollar, “Galaxy S26 Plus” modeli 999 dollar, “Galaxy S26 Ultra” isə 1.299 dollar qiymətlə satışa çıxarılacaq.
Şirkətin yeni flaqman seriyasını təqdim etmək üçün “Galaxy Unpacked” tədbirini 25 fevral tarixində keçirməsi gözlənilir. “Galaxy S26” seriyasının isə 2026-cı ilin mart ayında satışa təqdim ediləcəyi bildirilib.
Bununla yanaşı, “Samsung” qatlanan telefon modelləri olan “Galaxy Z Fold8” və “Galaxy Z Flip8”də də qiymət sabitliyini qorumağı planlaşdırıb. Şirkət bu modellərdə əsas diqqəti texniki və dizayn təkmilləşdirmələrinə yönəldib.
Məlumata görə, “Galaxy Z Fold8” modelinin çəkisi 215 qramdan 200 qrama endiriləcək, batareya tutumu isə 4400 mAh-dən 5000 mAh-ə qədər artırılacaq. “Galaxy Z Flip8” modelində də oxşar dəyişikliklər gözlənilir və cihazın çəkisinin təxminən 180 qrama qədər azaldılması planlaşdırılıb.
Qeyd edək ki, “Samsung”un bu strategiyası bazarda rəqabət qabiliyyətini qorumaq və istifadəçilər üçün daha cəlbedici seçim təqdim etmək məqsədi daşıyır.
Bəsti Rəfizadə
Sfera.az