Prezident İlham Əliyev bildirib ki, hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir və hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur. Dövlət başçısı qeyd edib ki, qarşıdakı dövrdə də həm dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobusun paytaxta gətirilməsi nəzərdə tutulub. Prezident vurğulayıb ki, növbəti beş il ərzində tıxacla bağlı əsas problemlər mərhələli şəkildə öz həllini tapmalıdır.
Sfera.az saytına açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə əsasən, ümumilikdə avtoparkın yenilənməsi müsbət haldır. O hesab edir ki, tıxacı azaltmaq üçün avtobuslara paralel olaraq reysli nəqliyyat növləri də inkişaf etdirilməlidir:
“Şəhərətrafı elektrik qatarları üçün elektrik şəbəkəsinin qurulması, Bakı metrosunda yeni stansiyaların tikilməsi bu ciddi tıxaca alternativ olacaq. Yəni daha çox sərnişin daşıyan nəqliyyat növləri inkişaf etdirilməli və bunlar kompleks şəkildə vahid mobilliyi təmin etməlidir. Böyük şəhərlərdə buna multimodal daşınmalar və ya hibrid daşımalar deyilir. 30 kilometrdən artıq səfərlər dəmiryolu üzərindən təşkil olunur, şəhər daxilində çoxluğun daşınmasını isə metro təmin edir, bunları əlaqələndirən isə avtobusdur. Avtobus hər hansı bir dəmiryolu dayanacağına və ya metro stansiyasına sərnişinləri əlaqələndirən vasitədir”.
Ekspertin fikrincə, hazırda ən çox yüklənmiş nəqliyyat növü avtobusdur:
“Amma reysli nəqliyyat inkişaf etdikcə sərnişin axını yenidən bölünəcək və daha çox yükü daha çox daşıya bilən nəqliyyat növləri olan dəmiryolu, metro, tramvay mərhələli şəkildə şəhər mobilliyində sözsüz ki, özünü göstərəcək. Bununla yanaşı, mil məsafəsi mikromobillik vasitələri ilə də təmin olunur. Yəni insanlar həmin dayanacaqlara avtobusla yanaşı, həmçinin velosipedlə də gedə biləcəklər. Hazırda bu istiqamətdə işlər görülür, şəbəkə qurulur və şəbəkə genişləndikcə insanlarda yeni nəqliyyat vasitələri ilə hərəkət üçün imkanlar yaranacaq. Düşünürəm ki, hazırda görülən işlər məhz insanların fərdi nəqliyyatdan daha çox ictimai nəqliyyata yönəlməsi üçün bir zəmin yaradır. Bu ildən başlayaraq biz daha aktiv tikinti işlərinin şahidi olacağıq”.
Bəsti Rəfizadə
Sfera.az