Kürd partiyaları birgə bəyanat yayaraq, İranda davam edən ümumxalq etiraz aksiyalarına dəstək verdiklərini açıqlayıblar. Bəyanatda İranın müxtəlif bölgələrində etirazçılara qarşı həyata keçirilən qanlı repressiyalar pislənib.
Partiyalar həmrəylik və birlik çağırışı edərək, kürd siyasi qüvvələri arasında əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə yol xəritəsinin hazırlanması məqsədilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Kürd bölgələrində etirazların daha da güclənməsi Tehranın təhlükəsizlik siyasətinə hansı təsirləri göstərə bilər? Eyni zamanda, xarici qüvvələr tərəfindən yerli etirazlara dəstək ehtimalı nə dərəcədə realdır?
Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, kürd partiyalarının İranda davam edən ümumxalq etiraz aksiyalarına dəstək bəyanatı regionun siyasi dinamikasında diqqət çəkən hadisə kimi qiymətləndirilir.
Onun sözlərinə görə, bəyanatlarda etirazçılara qarşı həyata keçirilən qanlı repressiyalar pislənir, həmrəylik və kürd partiyaları arasında əməkdaşlığın gücləndirilməsi üçün dialoqun davam etdirilməsinə çağırış edilir:
“Bu addımların konteksti və mümkün nəticələri regional təhlükəsizlik baxımından ciddi əhəmiyyət kəsb edir. İranın kürd əhalisinin məskunlaşdığı Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətləri tarixən mərkəzi hökumətlə mürəkkəb münasibətlərə malik olub. 1979-cu il İslam inqilabından sonra kürd hərəkatlarının fəaliyyətinin məhdudlaşdırılması bu bölgələrdə vaxtaşırı gərginliklərə səbəb olub. Son illərdə sosial-iqtisadi problemlər, işsizlik və regional inkişaf fərqləri mövcud narazılığı daha da dərinləşdirib. Kürd partiyalarının birgə bəyanatı və həmrəylik çağırışı müxalif qüvvələr arasında koordinasiyanın gücləndiyini göstərir və etirazların yalnız etnik xarakter daşımadığını ortaya qoyur. Dialoqun davam etdirilməsi və yol xəritəsinin hazırlanması çağırışı isə uzunmüddətli strategiyanın mövcudluğunu göstərir”.
Politoloq qeyd edib ki, kürd bölgələrində etirazların intensivləşməsi Tehranın təhlükəsizlik strategiyasına birbaşa təsir göstərir və əlavə hərbi-inzibati resursların yönləndirilməsini tələb edir:
“Repressiv metodlar qısamüddətli nəzarət yaratsa da, uzunmüddətli perspektivdə əhalinin radikallaşması və etirazların genişlənməsi riski mövcuddur. Bu isə daxili təhlükəsizlik xərclərinin yüksəlməsinə və iqtisadi resursların digər sahələrdən yayındırılmasına səbəb olur. Qonşu ölkələr potensial qaçqın axınları, sərhəd təhlükəsizliyi və transmilli hərəkatların aktivləşməsi riskləri ilə üzləşə bilər.
Xaricdən yerli etirazlara dəstək əsasən informasiya və diplomatik səviyyədə mümkündür, real maddi dəstək isə coğrafi məsafə və hüquqi məhdudiyyətlər səbəbindən məhduddur. Qərb ölkələrinin bəyanatları və diplomatik təzyiqləri simvolik təsir göstərsə də, İranın geosiyasi mövqeyi və daxili resursları bu təsiri məhdudlaşdırır. Nəticə etibarilə, kürd bölgələrində etirazların güclənməsi Tehranın təhlükəsizlik sistemində əlavə gərginlik yaradır və regional təhlükəsizlik baxımından qonşu ölkələr və beynəlxalq aktorlar tərəfindən diqqətlə izlənilməlidir”.
Niyaz Hacıyev
Sfera.az