Macarıstan Ukraynadakı münaqişənin 2026-cı ilə qədər həll olunacağını və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğv ediləcəyini gözləyir.


 


Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən geniş mətbuat konfransında açıqlama verib.


 


Maraqlıdır, əgər münaqişə 2026-cı ildə başa çatsa, Rusiyaya qarşı sanksiyaların ləğvi hansı şərtlər altında mümkün ola bilər?


 


Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, əgər münaqişə 2026-cı ildə başa çatarsa, Qərblə Rusiya arasında danışıqlar başlayacaq. Onun sözlərinə görə, müharibə dayandırıla bilər, ancaq Qərb Rusiyaya sanksiyaları ləğv etməyə də bilər:


 



 


“İkitərəfli razılaşma imzalanarsa, Rusiya və Qərb arasında razılaşma əldə oluna bilər. İkitərəfli münasibətlər çərçivəsində məsələ öz yoluna qoyula bilər. Əks halda bunun baş verəcəyinə inanmıram. Məlum olduğu kimi Macarıstan ümumilikdə Rusiya ilə münasibətlərin ən üst səviyyədə olduğu Avropa ölkələrindən biridir. Faktiki olaraq Orban hökuməti rusmeyilli siyasət yürüdür. Macarıstan, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların yarılmasına ən güclü köməyi göstərən ölkədir. Eləcə də, Avropa İttifaqının Ukraynaya qarşı mülayim addımlar atmasını, Ukraynanın İttifaqa daxil olmasını əngəlləyən dövlətdir”.


 


Politoloq vurğulayıb ki, Viktor Orbanın bu açıqlaması həm də bir niyyətin ifadəsidir:


 


“Şərqi Avropa ölkələrinin böyük əksəriyyəti bu müddət ərzində Rusiya ilə ikitərəfli əlaqələri inkişaf etdirib. Xeyli dərəcədə də qazanclı çıxıblar. Bütün enerji resurslarını çox ucuz qiymətə Rusiyadan alırdılar. Rusiya da bunu məqsədli şəkildə edirdi ki, Avropa İttifaqı daxilində nüfuzu olsun. Öz enerji siyasətindən xarici siyasət amilində təyziq vasitəsi kimi istifadə edirdi. Bunun nəticəsidir ki, bu dövlətlər Rusiyanın təsiri altındadılar. Bu baxımdan Orbanın açıqlamasını həm də, bu yöndə götürə bilərik ki, Şərqi Avropanın bəzi ölkələrinə sərf edir ki, tez zamanda Rusiyaya qarşı olan sanksiyalar götürülsün və onlar əvvəlki vəziyyətə qayıtsın”.


 


Bəs görəsən, Rusiyaya qarşı sanksiyaların ləğvi dünya iqtisadiyyatına nə verəcək? Nə dəyişikliklər gözlənilir?


 


İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, əgər sanksiyalar aradan qaldırılsa, qlobal miqyasda logistika xərcləri aşağı düşəcək:


 



 


“İnfilyasiya meyilləri bir qədər ləngiyəcək. Rusiya qonşu dövlətdir və Rusiyadan idxal-ixrac edirik. Rusiya böyük resurs ölkəsidir. Avropada da infilyasiya aşağı düşə bilər. Ümumi qiymət səviyyəsinə təsir edə bilər. Bu da yaxşı haldır”.


 


Ekspert əlavə edib ki, 2026-cı ildə münaqişə dayana bilər, amma sanksiyaların ləğvi daha uzun müddət alacaq:


 


“Həm də, ölkələr bir-birlərinin hava məkanlarını da bağlayıblar. Avropaya Rusiya təyyarəsi, Rusiyaya da Avropa təyyarəsi girə bilməz. Bunlar logistika xərclərini, təyyarə xərclərini, yükdaşıma xərclərini artırır. Ümumi qiymətləri artırır. Tək Rusiya üçün yox bütün dünyada artımdır”.


 


Niyaz Hacıyev


Sfera.az