ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harrisin keçmiş milli təhlükəsizlik müşaviri Filip Qordon “The New York Times” qəzetində dərc olunan məqaləsində Donald Trampın Ukraynaya real və etibarlı təhlükəsizlik zəmanətləri vermək niyyətində olmadığını yazıb. Qordonun fikrincə, Trampın Rusiya Prezidenti Vladimir Putinlə birbaşa qarşıdurmadan yayınması və Ukraynaya dəstəyin azaldılması bu şübhələri daha da gücləndirir.
Məqalədə vurğulanıb ki, ABŞ-nin Ukrayna ilə müzakirə etdiyi saziş layihəsində yeni təhlükəsizlik zəmanətlərinin yalnız qəsdən və davamlı hücum halında qüvvəyə minməsi nəzərdə tutulub. Bu isə ABŞ prezidentinə hücumu kiçikmiqyaslı, təsadüfi və ya müvəqqəti hesab etdiyi təqdirdə zəmanətlərin tətbiqindən imtina etmək imkanı yaradır.
Sfera.az saytına açıqlama verən politoloq Züriyə Qarayevanın fikrincə, Filip Qordonun Donald Tramp administrasiyasına yönəlik iradı əslində daha geniş bir strateji davranış modelini üzə çıxarıb:
“Trampın Ukrayna ilə bağlı ritorikası ilə real təhlükəsizlik mexanizmləri arasında açıq uyğunsuzluq var. Təklif olunan saziş modelində təhlükəsizlik zəmanətlərinin yalnız “qəsdən və davamlı hücum” şərti ilə işə düşməsi ABŞ prezidentinə geniş interpretasiya imkanı verir və bu da faktiki olaraq öhdəlikdən yayınma üçün hüquqi-siyasi manevr sahəsi yaradır. Bu yanaşma Trampın bir tərəfdən seçici auditoriyaya “müharibələri bitirən lider” obrazını satmaq, digər tərəfdən isə Vladimir Putin ilə birbaşa qarşıdurmadan qaçmaq strategiyasına uyğundur. Beləliklə, təhlükəsizlik zəmanəti formal olaraq mövcud olsa da, real böhran anında işlək olmaya bilər”.
Z.Qarayevanın sözlərinə əsasən, bu kontekstdə sual artıq Trampın vədlərindən yayınmasının təsadüfi olub-olmaması deyil, bunun məqsədli strateji seçim kimi formalaşıb-formalaşmamasıdır:
“Qordonun “The New York Times”də yazdığı kimi, ABŞ-nin Ukraynaya dəstəyinin azalması və risklərin Kiyevin üzərinə ötürülməsi Vaşinqtonun prioritetlərinin dəyişdiyini göstərir. Tramp üçün əsas təhlükəsizlik gündəmi Çin, daxili siyasi balans və NATO müttəfiqlərinin daha çox məsuliyyət daşımasıdır. Ukrayna isə bu çərçivədə artıq mərkəzi yox, şərti əhəmiyyət daşıyan aktora çevrilir. Bu isə Kiyev üçün o deməkdir ki, ABŞ ilə münasibətlərdə sözlü dəstək davam etsə də, real və avtomatik təhlükəsizlik zəmanətləri Vaşinqtonun ikinci plana keçirdiyi məsələ olaraq qalır”.
Bəsti Rəfizadə
Sfera.az