Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur:
“Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.
Dövlət başçısı qeyd edib ki, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını, təhlükəsizliyini gücləndirməlidir:
“Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur.
BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qaldığını deyən dövlət başçısı vurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı".
İkinci Qarabağ müharibəsindən ötən beş ildə yeni reallıqların bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu xatırladan Azərbaycan Prezidenti əlavə edib:
"Biz kağız-BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm".
Prezident İlham Əliyevin bəhs etdiyi mövcud vəziyyət hansı risklər doğurur? Gələcəkdə dövlətlərin suverenliyi ilə bağlı təhdidlər artacaqmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti yerli mediaya verdiyi müsahibəsində bir çox məsələlərə toxundu:
“O cümlədən müasir dünya nizamında tənzimləyici funksiya yerinə yetirməli olan beynəlxalq hüquq məsələlərinə diqqət çəkdi və qeyd etdi ki, beynəlxalq hüquq yoxdur. Heç kim bunu unutmasın. Hesab edirəm ki, bu fikir Azərbaycan Prezidentinin birdən-birə gəldiyi qənaət deyil. Prezident 17 il ərzində beynəlxalq hüququn Azərbaycana münasibətdə tətbiq olunması ilə bağlı mübarizə apardı və heç bir nəticə əldə olunmadı. Əslində “beynəlxalq hüquq yoxdur” fikri 17 il hüquq uğrunda qətiyyətlə mübarizə aparan bir liderin gəldiyi yekun qənaətdir. Biz öz ərazi bütövlüyümüzü gücümüzlə bərpa etdik. Azərbaycan Prezidenti bunu vurğu olaraq qeyd etdi ki, bu gün gücün hüququ var. Hesab edirəm ki, bu, bir daha beynəlxalq hüququn və beynəlxalq təşkilatların nə qədər qeyri-funksional olmasının göstəricisidir”.
H.Babaoğlu əlavə edib ki, bu səbəblərdən Azərbaycan Prezidenti ölkəmizin daima güclü olması ilə bağlı çağırış etdi:
“Azərbaycan ordusunun güclənməsi, iqtisadi qüdrətimizin artması, beynəlxalq nüfuzumuzun günbəgün daha da yüksəlməsi məhz Azərbaycanı güclü edir. Məhz güclü Azərbaycanın müəllifi bu gün qalib Azərbaycanın Prezidentidir. Bu səbəbdən də bu güc hamı tərəfindən etiraf olunur. Prezident 2026-cı ildə və ondan sonrakı illərdə də dövlətimizin fəaliyyət istiqamətləri ilə bağlı məsələlərə toxunaraq, burada yenə güc faktorunun bütün komponentlərini önə çəkdi. Beynəlxalq əməkdaşlıqlardan və iqtisadi artımdan qazanılan güc, yeni layihə və kommunikasiyalardan qazanılan güc, ordu quruculuğundan əldə edilən güc-bütün bunlar milli gücümüzü müəyyən etməklə yanaşı, hüquqlarımızın da əsas təminatçısı olacaqdır”.
Fidan Hacızadə
Sfera.az