İranda son günlər dərinləşən sosial-iqtisadi böhran fonunda baş verən kütləvi etirazlar ölkədə gərginliyi daha da artırıb. Rəsmi və qeyri-rəsmi mənbələrin yaydığı məlumatlara görə, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan toqquşmalar nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 1200-dən çox insan isə saxlanılıb.
Xüsusilə İranın müxtəlif bölgələrində, o cümlədən etnik azlıqların daha sıx yaşadığı ərazilərdə aksiyaların genişlənməsi vəziyyətin nəzarətdən çıxması ilə bağlı narahatlıqları artırır. Artıq kürd siyasi partiyaları da açıq şəkildə etirazçılara dəstək verdiklərini bəyan ediblər ki, bu da prosesə yeni siyasi çalarlar qatır.
Qeyd edək ki, etiraz aksiyaları dekabrın 28-də İran rialının ABŞ dolları qarşısında kəskin şəkildə dəyər itirməsindən sonra başlayıb. Milli valyutanın sürətlə ucuzlaşması, inflyasiyanın artması, ərzaq və gündəlik tələbat mallarının bahalaşması cəmiyyətdə illərdir yığılan narazılığı yenidən üzə çıxarıb. Müşahidəçilər hesab edirlər ki, bu dəfəki etirazlar təkcə iqtisadi çətinliklərlə məhdudlaşmır, eyni zamanda siyasi sistemə yönəlik sualları da gündəmə gətirir.
Belə bir şəraitdə əsas sual budur: baş verənlər İran siyasi rejiminin mövqeyində real dəyişikliklərə səbəb ola bilərmi, yoxsa ölkə yenə də əvvəlki kimi sərt nəzarət və məhdud güzəştlər yolu ilə bu dalğanı arxada qoyacaq?
Mövzu ilə balı Sfera.az-a açıqlama verən tanınmış politoloq, Yaxın Şərq bölgəsi üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, İranda hazırda davam edən etirazlar sosial-iqtisadi xarakterli olsa da, getdikcə siyasi məzmun qazanır.
Onun sözlərinə görə, aksiyaların əsas səbəbi rialın kəskin dəyər itirməsi, inflyasiyanın yüksəlməsi və əhalinin sosial rifahının pisləşməsidir. Ölənlərin sayının artması, minlərlə insanın saxlanılması və kürd siyasi qruplarının etirazçılara açıq dəstək verməsi prosesin miqyasının genişləndiyini göstərir.
Mütəxəssis qeyd edib ki, mövcud mərhələdə bu etirazların İran siyasi rejiminin mövqeyində köklü dəyişiklik yaradacağı ehtimalı yüksək qiymətləndirilmir:
“İran sistemi uzun illərdir oxşar dalğalarla üzləşib və hər dəfə təhlükəsizlik strukturlarının sərt müdaxiləsi, paralel olaraq isə məhdud iqtisadi güzəştlər hesabına vəziyyəti nəzarətə almağa nail olub. Hazırda da hakimiyyətin əsas strategiyası siyasi geri çəkilmə deyil, etirazları lokallaşdırmaq və sosial-iqtisadi narazılığı idarəolunan səviyyəyə endirməkdir. Qısa müddətdə mümkün olan dəyişikliklər daha çox texniki və iqtisadi xarakter daşıya bilər: valyuta bazarına müdaxilə, sosial ödənişlərin artırılması, bəzi məmurların və ya iqtisadi blok rəhbərlərinin dəyişdirilməsi. Lakin siyasi sistemin mahiyyətinə toxunan, hakimiyyət bölgüsünü və ya idarəçilik modelini dəyişən islahatlar gündəmdə görünmür”.
Firuzə Əliyeva
Sfera.az