Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.




Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.




Dövlət başçısnın bu açıqlaması tezliklə yerli icra qurumlarının ləğvinin xəbərçisi hesab oluna bilərmi? 




Sfera.az-a bu haqda açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq edilən operativ və çevik idarəetmə modeli gələcəkdə Azərbaycanın bütün bölgələrində tətbiq edilə bilər.


 


Onun sözlərinə görə, artıq bunun üçün lazım olan işlər demək olar ki, görülüb:




“Mərkəzi icra hakimiyyəti orqanlarının rayon və şəhərlər üzrə regional idarələri fəaliyyət göstərir. İlk mərhələdə müəyyən çətinliklər olsa da, hazırda demək olar ki, bu dəyişikliklər hər kəs tərəfindən qəbul edilir və zamanla müxtəlif kadr seçimlərində problemlər ortaya çıxıb. Lakin hazırda demək olar ki, mərkəzi icra hakimiyyəti orqanlarının rayon və şəhərlərdə fəaliyyət göstərən regional idarələri öz vəzifələrinin öhdəsindən gələ bilirlər. Buna müvafiq olaraq, regional idarəetmənin məhz bu formada tətbiq edilməsi mümkündür və böyük ehtimalla yaxın gələcəkdə bu dəyişikliklər həyata keçiriləcək. Burada bir əsas məsələni nəzərə almalıyıq ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən operativ və çevik idarəetmə modeli yenidənqurma və bərpa işlərinin sürətli və effektiv həyata keçirilməsində olduqca uğurlu olub. Lakin qeyd edilməlidir ki, hələlik bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmayıblar və bu proses mərhələli şəkildə həyata keçirilir. Yəni hazırda bu ərazilərdə əhali tam şəkildə məskunlaşmayıb. Bu baxımdan, məsələyə yanaşarkən hər şey diqqətlə ölçülüb-biçilməlidir. Çünki Azərbaycanın digər regionlarında, rayon və şəhərlərində əhali yaşayır və onların alışdığı, öyrəndiyi müəyyən idarəetmə forması mövcuddur. Eyni zamanda vətəndaşların mütəmadi olaraq istəklərinin, arzularının və problemlərinin həlli məsələləri də gündəmdədir”.


 





Deputatın sözlərinə görə, yeni tətbiq ediləcək idarəetmə formasında bu amillər mütləq nəzərə alınmalı və maksimum dərəcədə çalışılmalıdır ki, mövcud problemlər daha operativ şəkildə həll olunsun və əlavə narahatlıqlar yaranmasın:




“İstənilən halda, cənab Prezidentin müsahibəsindən də aydın şəkildə gördük ki, tapşırıqları ləyaqətlə və şərəflə yerinə yetirən məmurlara, kadrlara böyük ehtiyac var. Bu məsələdə cənab Prezident hər zaman yüksək tələbkarlıq nümayiş etdirib və son kadr dəyişiklikləri də buna bariz nümunədir. Bu isə onu göstərir ki, vəzifəsindən və kimliyindən asılı olmayaraq hər bir şəxs öz vəzifə öhdəliklərini maksimum dərəcədə yaxşı bilməli və onları layiqincə yerinə yetirməyə çalışmalıdır.

Mən inanıram ki, cənab Prezidentin rəhbərliyi altında yaxın gələcəkdə həyata keçiriləcək bu islahatlar uğurlu olacaq və Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində hökumətin səylərinin daha da artacağına şahidlik edəcəyik”.

 


Bəsti Rəfizadə

Sfera.az