BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk ABŞ-nin Venesuelaya hərbi müdaxiləsinin Birləşmiş Millətlər Təşkilatını qlobal müharibələrin qarşısını almaq üçün mövcud olan əsas mexanizm kimi zəiflətdiyini bildirib.


 


Sfera.az xəbər verir ki, Turk bu fikirləri Britaniyanın “The Guardian” qəzetində dərc olunmuş məqaləsində ifadə edib. O qeyd edib ki, Venesuelanın suverenliyinin və BMT Nizamnaməsinin pozulması beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi zərbə vurur və bütün ölkələri daha az təhlükəsiz edir: “Bu hərbi müdaxilə üçüncü dünya müharibəsinin qarşısını almaq üçün yeganə mexanizmimiz olan BMT-ni zəiflədir”.


 


Ali komissar bəzi ölkələrin ABŞ-nin müdaxiləsinə verdiyi reaksiyalara və Venesueladakı insan haqları vəziyyətini əsas gətirərək bu addımı legitimləşdirməyə çalışmasına “dərin qəzəb” ifadə edib. O, rejimlərin devrilməsinin çox zaman kütləvi insan haqları pozuntularına, təhlükəli xaosa və uzunmüddətli zorakı münaqişələrə yol açdığını xatırladıb.


 


Volker Turk vurğulayıb ki, Venesuela beynəlxalq ictimaiyyətin insan haqlarını yalnız sözlə deyil, real addımlarla müdafiə etməsinə, BMT Nizamnaməsi və beynəlxalq hüquq uğrunda mübarizə aparmasına ehtiyac duyur:


 


“Bunun edilməməsi dünya miqyasında ağır nəticələrə səbəb olacaq”. Qeyd edək ki, yanvarın 3-də Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ABŞ-nin Karakasda mülki və hərbi hədəflərə hücum etdiyini açıqlayıb və bu addımı hərbi təcavüz kimi qiymətləndirib. Hadisədən sonra ölkədə fövqəladə vəziyyət elan olunub. ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı genişmiqyaslı hücumların başladığını təsdiqləyərək, prezident Nikolas Maduro və həyat yoldaşının tutulduğunu və ölkədən çıxarıldığını bildirib.


 


Niyaz Hacıyev


Sfera.az