ABŞ Energetika Nazirliyi ölkə ərazisində uranın zənginləşdirilməsi potensialının artırılması üçün üç şirkətə ümumilikdə 2,7 milyard dollar həcmində maliyyə dəstəyi ayırıb. Bildirilir ki, ayrılan vəsaitlər qarşıdakı 10 il ərzində ABŞ-də uran zənginləşdirmə imkanlarının mərhələli şəkildə genişləndirilməsinə sərf olunacaq. Vaşinqton bu təşəbbüsün enerji təhlükəsizliyini möhkəmləndirəcəyini və xarici tədarük mənbələrindən asılılığı əhəmiyyətli dərəcədə azaldacağını hesab edir.


 


Bəs ABŞ-nin uran zənginləşdirmə güclərinə yatırımı qlobal enerji bazarlarında hansı reaksiyalara səbəb ola bilər?


 


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ABŞ-də uranın zənginləşdirilməsi ilə bağlı proseslərə, yəni bu sahəyə dövlət dəstəyinin artmasının əsas səbəblərindən biri atom elektrik stansiyalarının yeni mərhələyə qədəm qoymasıdır.


 


İqtisadçının sözlərinə görə, yaxın gələcəkdə mini atom elektrik stansiyalarının, lokal enerji mənbələrinin geniş yayılacağı gözlənilir: 




“Bu stansiyalar əvvəlki kimi böyük həcmli olmayacaq, əksinə, bir avtomobil və ya yük maşını ölçüsündə olsa da, bütöv bir şəhəri elektrik enerjisi ilə təmin etmək gücünə malik olacaq. Məhz bu yeni texnoloji dövrə hazırlaşmaq üçün Amerika Birləşmiş Ştatlarında daha çox zənginləşdirilmiş urana ehtiyac yaranır. Bununla yanaşı, zənginləşdirilmiş uranın hərbi məqsədlərlə istifadə edilməsi amili də mühüm rol oynayır.

Böyük ehtimalla, ABŞ öz hərbi doktrinasına uyğun olaraq nüvə başlıqlarının yenilənməsi prosesini də paralel şəkildə həyata keçirir ki, bu da əlavə olaraq zənginləşdirilmiş uran tələbatını artırır”.


 


Fidan Hacızadə

Sfera.az