İranda milli valyutanın kəskin dəyər itirməsi və dərinləşən iqtisadi böhran fonunda başlayan kütləvi etirazlar davam edir. Mövcud vəziyyətlə əlaqədar Tehran rəhbərliyi etirazların qarşısını almaq üçün yeni iqtisadi tədbir paketi açıqlayıb.
Sfera.az xəbər verir ki, hökumət sözçüsü Fatemah Mohajerani bildirib ki, dövlət hər bir İran vətəndaşına ayda 1 milyon İran tüməni, yəni təxminən 7 dollar məbləğində maliyyə dəstəyi göstərəcək. Onun sözlərinə görə, bu proqram 4 ay müddətində həyata keçiriləcək.
Qeyd edilib ki, sözügedən vəsait vətəndaşlara nağd şəkildə verilməyəcək. Yardım bank hesablarına kredit formasında köçürüləcək və yalnız əsas istehlak mallarının alınması üçün istifadə oluna biləcək.
Mohajerani açıqlamasında hökumətin əsas məqsədinin əhalinin alıcılıq qabiliyyətini qorumaq, inflyasiyanı nəzarətdə saxlamaq və ərzaq təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.
Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehran Qapalı Bazarının satıcısının dükanları bağlaması ilə başlayıb və qısa müddətdə ölkənin bir çox bölgəsinə yayılıb. Yüksək inflyasiya səbəbilə başlayan aksiyalar hazırda 9-cu gününü yaşayır.
Ekspertlər isə hökumətin açıqladığı 7 dollarlıq aylıq dəstəyin iqtisadi çətinlik içində yaşayan əhali üçün yetərli olub-olmayacağına şübhə ilə yanaşırlar. İranda aylıq minimum əməkhaqqının təxminən 100 dollar, orta aylıq xərclərin isə 200 dollar civarında olduğu bildirilib.
85 milyon əhalisi olan İran beynəlxalq sanksiyaların genişlənməsi, yüksək inflyasiya və milli valyutanın devalvasiyası səbəbilə ciddi iqtisadi böhranla üz-üzədir. Dekabr ayında inflyasiyanın 42 faizə yüksəlməsi ölkə üzrə narazılığı daha da artırıb.
Məlumata görə, 40-a yaxın şəhərdə keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, nəticədə azı 20 nəfər həyatını itirib.
İranın ali dini lideri Əli Xamenei də etirazlarla bağlı çıxış edərək, dinc etirazçılarla dialoqun mümkün olduğunu, lakin iğtişaş törədənlərə qarşı sərt mövqe nümayiş etdiriləcəyini bildirib.
Bəsti Rəfizadə
Sfera.az