Ankaranın Yenimahalle rayonunda yerləşən Demetevler metro stansiyasının simvoluna çevrilən və ətrafdakılar tərəfindən “Matmazel” ləqəbi ilə tanınan 15 yaşlı küçə itinin ölümü ictimaiyyətdə böyük rezonans doğurub. İddialara görə, metro əməkdaşlarının təqibi nəticəsində eskalatorda ilişib qalan it həyatını itirib. Hadisədən sonra məsul şəxslər vəzifələrindən kənarlaşdırılıb.




Sfera.az xəbər verir ki, illərdir yerli sakinlərin qayğısı ilə yaşayan və stansiyanın ərazisini öz evi kimi qəbul edən “Matmazel”in ölümü heyvansevərlər və sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradıb.




Məlumata görə, stansiyaya daxil olan iti çıxarmaq istəyən təmizlik nəzarətçisi və mühafizə əməkdaşları heyvanı çubuqlarla qovmağa başlayıblar. Qorxuya düşən it hərəkətdə olan eskalatora tərəf qaçıb və mexanizmə ilişərək ağır xəsarətlər alıb. Daha sonra baytara aparılan 15 yaşlı itin həyatını xilas etmək mümkün olmayıb.

Yerli sakinlər tərəfindən “Çirkli” və ya “İnək” ləqəbləri ilə də tanınan itin ölümü sosial mediada geniş müzakirələrə səbəb olub. Hadisədən sonra səlahiyyətli qurumlar itin ölümündə səhlənkarlıq və ya qəsdən hərəkət etdiyi iddia edilən işçilərin vəzifələrindən azad edildiyini açıqlayıb, eyni zamanda hərtərəfli inzibati araşdırmaya start verildiyi bildirilib.




Məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan açıqlamada deyilir:




“Ankara Demetevler metro stansiyası onun məzarına çevrildi. İllərdir böyük zəhmətlə baxdığımız 15 yaşlı ‘Matmazel’ təhlükəsizlik işçiləri və təmizlik nəzarətçisi tərəfindən zorla eskalatora tərəf sürüklənib. İt eskalatorda ilişərək işgəncə çəkib. Baytara çatdırsak da, təəssüf ki, onu xilas edə bilmədik”.

EGO Baş Müdirliyi də hadisə ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirilir ki, 3 yanvar 2026-cı il tarixində 153 Çağrı Mərkəzinə daxil olan müraciətdən dərhal sonra araşdırmalara başlanılıb:




“Hadisə ilə bağlı bütün kamera görüntüləri saniyə-saniyə araşdırılıb, müvafiq sübutlar toplanıb. İtin aparıldığı baytarla əlaqə saxlanılıb və ətraflı məlumat əldə edilib. İctimaiyyətdə hər hansı sualın qalmasını istəmədiyimiz üçün ‘Matmazel’in basdırıldığı yerdən çıxarılaraq müstəqil ekspert qurum tərəfindən yenidən müayinəsini tələb etdik”.




Araşdırma çərçivəsində Ankara Vəkillər Kollegiyasının nümayəndələri itin basdırıldığı yerdən çıxarılaraq Ankara Universitetinin Baytarlıq Tibb Fakültəsinə aparılmasını təmin ediblər. Burada itin zorakılığa məruz qalıb-qalmadığı müəyyən ediləcək. Ekspertiza prosesinin təxminən 15 gün davam edəcəyi bildirilib. Ankara Böyükşəhər Bələdiyyəsi isə bu müddətin qısaldılması və istintaqa prioritet verilməsi üçün rəsmi müraciət edib.




Qeyd olunub ki, it hər hansı şəxsin adına qeydiyyata alınmadığı üçün Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə 5199 saylı “Heyvanların Mühafizəsi Qanunu”nun 28/A maddəsinə uyğun olaraq hüquqi prosedurların başlanması ilə bağlı sorğu göndərilib. Eyni zamanda istintaqın gedişi naminə iddialarla əlaqəli şəxslər müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıblar.


 


Aynil