Tibb dünyasında “super göbələk” kimi tanınan Candida auris sürətlə yayılaraq qlobal səhiyyə üçün ciddi təhlükəyə çevrilib.




Sfera.az xəbər verir ki, ilk dəfə 2009-cu ildə Yaponiyada aşkarlanan bu invaziv göbələk hazırda altı qitədə 60-dan çox ölkədə qeydə alınıb və pandemiya riski yaradır. Məlumata görə, hər il milyonlarla insana təsir edən göbələk infeksiyalarında ölüm göstəricisi bəzi hallarda 50 faizi keçir.




Mütəxəssislər bildirirlər ki, Candida auris yüksək dərman müqavimətinə malikdir. Göbələk xüsusi mexanizmlər vasitəsilə dərmanları hüceyrədən xaric edir, toxumalara dərin nüfuz edir və səthlərdə “biofilm” yaradaraq müalicənin effektivliyini azaldır.




Xəstəxanalarda sürətlə yayılması və diaqnostik çətinliklər vəziyyəti daha da ağırlaşdırır. C. auris tez-tez digər göbələk növləri ilə səhv salındığından, düzgün müalicəyə gec başlanılır və bu da ölüm riskini artırır.




Alimlər təhlükənin qarşısını almaq üçün yeni dərmanlar və peyvəndlər üzərində işləyirlər. Hazırda üç yeni göbələk əleyhinə preparat klinik sınaq mərhələsindədir. Mütəxəssislər isə qlobal nəzarətin gücləndirilməsini və erkən diaqnostikanın əsas həlledici amil olduğunu vurğulayırlar.


 


Aynil