Son dövrlər ölkədə məmur-vətəndaş münasibətləri, xüsusilə də yerli icra strukturlarında rast gəlinən özbaşınalıq halları yenidən gündəmin əsas mövzularından birinə çevrilib.
Prezidentin məmur özbaşınalığı ilə bağlı səsləndirdiyi fikirlər bu baxımdan cəmiyyətə açıq mesaj kimi dəyərləndirilir. Dövlət başçısı bildirib ki, yerlərdən daxil olan siqnallar əsasında sərt və prinsipial qərarlar qəbul edilir və bu siqnallar xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma bir tərəfdən dövlətin aşağıdan yuxarıya doğru məlumatlanma mexanizmlərinə önəm verdiyini göstərirsə, digər tərəfdən vətəndaşları prosesdə daha fəal olmağa çağırış kimi qiymətləndirilir. Lakin reallıqda hər bir vətəndaş bu cür hallarla bağlı açıq mövqe nümayiş etdirməyə hazır olmur. Bəzən yerli məmurların təsirindən, təzyiqindən və ya mümkün nəticələrdən çəkinən insanlar qarşılaşdıqları haqsızlıqları ictimailəşdirmir, şikayət mexanizmlərindən istifadə etmir.
Bu qorxu və tərəddüdlər nə dərəcədə əsaslıdır? Prezidentin çağırışı passiv qalan vətəndaşlar üçün stimul, özbaşınalıq edən məmurlar üçün isə real “göz dağı” rolunu oynaya bilərmi? Qarşıdakı dövrdə daha sərt kadr qərarları və məsuliyyət mexanizmlərinin gücləndirilməsi gözlənilirmi?
Bu suallar cəmiyyətin müxtəlif təbəqələrində ciddi müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyi bildirib ki, prezidentin məmur özbaşınalığı ilə bağlı dedikləri ölkədə idarəçilik keyfiyyətinin artırılması, institusional islahatlar, vətəndaş-məmur münasibətlərində şəffaflığın gücləndirilməsi yönündə mühüm siqnaldır. Millət vəkili qeyd edib ki, yerlərdən gələn siqnallar vasitəsilə çevik və qəti qərarların verilməsi barədə vurğu, faktiki olaraq vətəndaş müraciətlərinin və ictimai rəyin dövlət siyasətində ciddi şəkildə nəzərə alındığını göstərir:
“Bu fikir, eyni zamanda onu ifadə edir ki, idarəetmədə məmurların fəaliyyətinə nəzarət yalnız yuxarıdan həyata keçirilməli deyil, vətəndaşlar da bu prosesdə fəal və obyektiv rol oynamalıdırlar. Belə bir yanaşma, idarəetmədə məsuliyyət hissini gücləndirmək və səlahiyyətli şəxslərin özbaşınalıqlarına, yaxud qanunsuz hərəkətlərinə qarşı real mexanizmlər yaratmaq baxımından da vacibdir. Vətəndaş aktivliyi məsələsinə gəldikdə, burada bir çox sosial-psixoloji və institusional çətinliklərin mövcudluğu da danılmazdır. Doğrudur, bir sıra hallarda insanlar yerli məmurların real və ya ehtimal etdikləri təzyiqləri ilə qarşılaşa biləcəklərindən ehtiyat edirlər. Köhnə stereoitiplər də şübhəsiz ki, burada müəyyən rol oynayır. Bəzən subyektiv hesablamalara və emosional tələsikliyə söykənən gözləntilərin zəifliyi də burada müəyyən rol oynayır”.
E.Mirzəbəyli nəzərə çatdırıb ki, bunun qarşısını almaq üçün vətəndaş, yalnız narazılığını bildirməklə kifayətlənməli deyil, eyni zamanda konkret faktlar, sənədlər və dəqiq qanun pozuntularının yer aldığı müraciətlər etməlidir:
“Təcrübəmdən bilirəm, təəssüf ki, bəzən vətəndaşların müraciətlərində yer alan istəklərdə də qanunsuz məqamlar yer alır. Məsələn, ali təhsilli və kifayət qədər müasir düşüncəli insan təsiri bağışlayan şəxs mənə müraciətində bildirir ki, ikinci ali təhsil aldığı universitetin rəhbərliyindən xahiş edim ki, onun dərsə gəlməməsinə və işinə davam etməsinə imkan yaradılsın. Və yaxud təkcə dövlət qurumlarına münasibətdə deyil, ayrı-ayrı vətəndaşların bir-birilərinə münasibətdə də tamamilə əsassız ittihamlardan ibarət müraciətləri ilə də qarşılaşırıq. Bu baxımdan, düşünürəm ki, vətəndaşlara hüquq və vəzifələrinin izahı, həmçinin əsassız iddialarına görə məsuliyyət daşıyacaqlarını da bildirmək vacibdir. Yəni orta məktəblərdən başlayaraq, bu istiqamətdə maarifləndirmə işləri həyata keçirilməlidir. Çünki bir əsassız müraciətin araşdırılması boş yerə sərf olunan vaxt və dövlət vəsaiti deməkdir. Bütövlükdə isə siqnallar subyektiv fikirlərin deyil, təsdiqlənə bilən halların, konkret və ölçülə bilən faktların üzərində qurulmalıdır”.
Deputat vurğulayıb ki, prezidentin çıxışındakı “sərt qərarlar” ifadəsi həm də ciddi xəbərdarlıq xarakteri daşıyır:
“Bu, idarəetmədə məsuliyyətin daha da artırılacağı, qanun pozuntularına yol verən şəxslərin daha ciddi şəkildə cəzalandırılacağı ilə bağlı xəbərdarlıqdır. Bütövlükdə isə cənab Prezidentin çağırışı həm vətəndaş cəmiyyətinin daha da fəallaşmasına, həm də idarəetmədə məsuliyyətin, şəffaflığın artırılmasına xidmət edir. Vətəndaşlar öz haqlarını müdafiə edərkən konkret, əsaslandırılmış və hüquqi çərçivədə siqnallar verməli, dövlət isə bu müraciətlərə obyektiv yanaşma nümayiş etdirməlidir. Bu qarşılıqlı fəaliyyət isə şübhəsiz ki, özbaşınalıqların qarşısı daha səmərəli şəkildə alınmasına və islahatların daha intensiv həyata keçirilməsinə əlavə töhfə verə bilər”.
Firuzə Əliyeva
Sfera.az