ABŞ Prezidenti Donald Tramp ABŞ sanksiyaları səbəbindən Venesuelada ilişib qalan 30-50 milyon barel neftin emalı və satışı ilə bağlı planını açıqlayıb.


 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp çərşənbə axşamı sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, sanksiyalar çərçivəsində Venesuelaya məxsus neft birbaşa ABŞ-yə göndəriləcək. Prezident qeyd edib ki, bu plan Enerji naziri Kris Rayt tərəfindən dərhal icra olunacaq.


 


ABŞ Prezidenti vurğulayıb ki, sözügedən neft bazar qiymətləri ilə satılacaq və əldə olunan vəsait onun nəzarəti altında idarə ediləcək. Trampın sözlərinə görə, bu gəlir həm ABŞ, həm də Venesuela xalqlarının maraqlarına uyğun şəkildə istifadə olunacaq.


 


“Bu neft bazar qiymətinə satılacaq və əldə olunan vəsait Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi mənim tərəfimdən idarə olunacaq ki, onun Venesuela və ABŞ xalqlarının xeyrinə istifadə edilməsini təmin edim”,– Tramp bildirib.


 


"Reuters" agentliyinin məlumatına görə, Venesuela neftinin hazırkı qiymətləri nəzərə alındıqda, sövdələşmənin ümumi dəyəri 1,9 milyard dollara qədər çata bilər. Bununla belə, ABŞ rəsmiləri hələlik Venesuela neftinin ələ keçirilməsi üçün hüquqi mexanizmlərin tam müəyyən edilmədiyini bildirirlər. Qeyd olunur ki, ABŞ daha əvvəl Venesuelaya məxsus tankerləri İran və Venesuela neftini daşıyaraq sanksiyaları pozmaqda ittiham edib. Tramp eyni zamanda ABŞ-nin Venesuelanın neft infrastrukturunun yenidən qurulmasına dəstək verə biləcəyini də istisna etməyib.


 


Bu addımın keçmiş prezident Uqo Çavesin neft sektorunu milliləşdirməsindən zərər çəkmiş "Exxon Mobil" və "ConocoPhillips" kimi iri neft şirkətləri ilə yanaşı, Venesuelada fəaliyyətini davam etdirən "Chevron Corporation" üçün də faydalı ola biləcəyi qeyd olunur. Planlarla tanış olan üç mənbənin bildirdiyinə görə, ABŞ neft şirkətlərinin rəhbərlərinin Venesuelaya mümkün investisiyaları müzakirə etmək məqsədilə cümə axşamı günü Ağ Evə səfər etməsi gözlənilir.


 


Firuzə Əliyeva


Sfera.az