Yanacağın bahalaşmasından sonra taksi qiymətlərinin artıb-artmayacağı cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Son qiymət dəyişiklikləri fonunda sürücülərin xərclərinin artması, taksi xidmətinin maya dəyərinə birbaşa təsir göstərir.
Bu isə xüsusilə gündəlik taksidən istifadə edən vətəndaşları narahat edən əsas məsələlərdən biridir.
Bəs görəsən, yanacağın bahalaşmasından sonra taksilər də bahalaşacaqmı?
Nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlamasında bildirib ki, taksi sürücülərinin özlərinə qalsa, əlbəttə ki, yanacağın bahalaşmasının qiymətlərə təsir etməsini istəyərlər. Onun sözlərinə görə, taksi tariflərini birbaşa sürücülər müəyyən etmir:
“Qiymət artımının olub-olmayacağı əsasən aqreqatorların verdiyi qərardan asılıdır. Avtomobil parkında qazla işləyən kifayət qədər nəqliyyat vasitəsi mövcuddur və onlara yanacaq qiymətlərinin artımı təsir göstərmir. Eyni zamanda, elektrik enerjisi ilə işləyən elektromobillər də var ki, bu kateqoriyaya daxil olan avtomobillər üçün əlavə xərc yaranmır. Əsas məsələ parkda olan avtomobillərin sayı və onların yanacaq sərfiyyatıdır”.
Ekspert qeyd edib ki, onsuz da son bir il ərzində taksi qiymətlərində artım müşahidə olunur:
“Taksi sürücüləri bunu inkar etsələr də, müştəri kimi sifariş zamanı aydın görünür ki, əvvəllər 10 manata başa gələn marşrutlar indi ən azı 15 manata təklif olunur. Bu səbəbdən yanacağın bahalaşmasının taksi qiymətlərində dərhal hiss olunacağı gözlənilmir”.
Niyaz Hacıyev
Sfera.az