Benzin və dizelin qiymətinin artması ölkədə avtomobil sahiblərinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Yanacaq xərclərinin yüksəlməsi fonunda sürücülər daha qənaətcil, uzunmüddətli və alternativ avtomobil növlərinə üstünlük verməyə başlayırlar.


 


Son illər dünyada enerji resurslarının bahalaşması, ekoloji problemlər və texnoloji yeniliklər avtomobil bazarında seçimlərin dəyişməsinə səbəb olub. Azərbaycanda da yanacaq qiymətlərinin artmasından sonra hansı növ avtomobillərə tələbin artacağı və hansı nəqliyyat vasitələrinin daha sərfəli olacağı aktual müzakirə mövzusuna çevrilib.


 


Benzinin və dizelin bahalaşmasından sonra ölkədə hansı növ avtomobillərə tələb artacaq? Hansı avtomobillərdən istifadə daha sərfəlidir?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, son dövrlər bütün dünya elektrikli, hibrid avtomobillərə yönəlir. Onun sözlərinə görə, iqtisadi, ekoloji və komfort cəhətdən bu avtomobillər sərfəlidir.


 



 


Ekspert qeyd edib ki, yanacağın qiymətinin artması fonunda bu avtomobillər daha da diqqət mərkəzinə gəlib:


 


"Elektrikin də qiyməti qalxsa, onlara təsir göstərəcək. Bu yaxında elektrik qiymətlərinin isə artması gözlənilmir. Qalxsa belə, elektrik və hibridlər hazırda prioritetdir. Bu səbəbdən də benzin və dizelin bahalaşması elektrikli və hibrid avtomobillərin istifadəsinin genişlənməsinə şərait yaradacaq".


 


Qeyd edək ki, beynəlxalq hesabatlara əsasən, dünyada elektrikli avtomobillərin sayı son illərdə sürətlə artmaqdadır və yaxın illərdə yeni avtomobil satışlarında onların payının 20 faizdən çox olacağı proqnozlaşdırılır.


 


Statistik məlumatlara görə, elektrikli avtomobillərin illik istismar xərcləri benzinlə işləyən avtomobillərlə müqayisədə orta hesabla 40-60 faiz daha azdır. Azərbaycanda da son illər hibrid avtomobillərin idxalında artım müşahidə olunur və xüsusilə şəhərdaxili istifadə üçün bu avtomobillərə maraq getdikcə yüksəlir.


 


Firuzə Əliyeva


Sfera.az