İranda milli valyutanın kəskin dəyər itirməsi, yüksək inflyasiya və dərinləşən iqtisadi böhran fonunda başlayan kütləvi etirazlar ölkənin bir çox bölgəsinə yayılıb. Hökumət etirazların qarşısını almaq üçün əhaliyə aylıq maliyyə dəstəyi, 7 dollar nəzərdə tutan yeni iqtisadi tədbir paketi açıqlayıb. Lakin açıqlanan yardımın sosial gərginliyi azaltmağa kifayət edib-etməyəcəyi müzakirə olunur.




Bəs İranda etirazlara səbəb olan iqtisadi vəziyyəti İran dövlətinin düzəltmək imkanı varmı? İran bu vəziyyətdən çıxa biləcəkmi?




Bu haqda politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə əsasən, İranda baş verən kütləvi etiraz dalğası birmənalı şəkildə sosial-iqtisadi narazılıqlardan qaynaqlanır.




“Bu səbəbdən həmin narazılıq dalğasının qarşısının alınması üçün yalnız zorakılığın tətbiqi qətiyyən yetərli görünmür. Çünki hətta zorakılıq hesabına bu kütləvi etirazlar yatırılmış olsa belə, mövcud sosial-iqtisadi vəziyyət davam edəcəyi təqdirdə müəyyən müddətdən sonra yenidən etiraz dalğasının baş qaldırma ehtimalı istisna edilmir. Bu baxımdan İran ölkə daxilində sosial-iqtisadi və siyasi islahatlar aparmağa məcbur qalmış kimi görünür. Yəni yalnız zorakılıq yolu ilə vəziyyəti nəzarətdə saxlamaq olduqca çətindir. İnsanların həyat şəraitinin və rifah səviyyəsinin yüksəldilməsi isə gələcək kataklizmlərin və ya etiraz dalğalarının qarşısını ala biləcək əsas addım kimi qiymətləndirilə bilər”.


 





Politoloq rəsmi Tehranın bu məsələdə ciddi çətinliklərlə üzləşdiyini qeyd edib:




“Belə ki, prezident Məsud Pezəşkiyanın açıqlamalarından da aydın olur ki, İranın mövcud maliyyə-iqtisadi vəziyyəti əhalinin, yəni etiraza qalxan kütlənin tələblərini yerinə yetirmək üçün qənaətbəxş deyil. Başqa sözlə, rəsmi Tehran ciddi maliyyə-iqtisadi problemlərlə üz-üzədir və maliyyə defisiti açıq şəkildə özünü göstərir. Prezident Pezəşkiyan da bu məqamları vurğulayaraq bildirib ki, dövlətin yetərli maliyyə resursları tapmaq imkanları məhduddur. Belə bir şəraitdə mövcud vəziyyəti nəzarətdə saxlamaq və cəmiyyəti sakitləşdirmək asan məsələ kimi görünmür. Bununla belə, sürətli və effektiv islahatlar aparılacağı təqdirdə müəyyən müsbət nəticələrin əldə olunması ehtimalı mövcuddur. Ancaq İran dövlətinin ümumilikdə daxili idarəçilik sahəsində islahatlara hansı səviyyədə hazır olması da ciddi suallar doğurur. Bu baxımdan, hazırkı mərhələdə İranda baş verən hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır”. 




Bəsti Rəfizadə

Sfera.az