ABŞ-nin bütün təzyiqlərinə baxmayaraq Rusiyadan ən çox neft alan ölkələr idxalda ciddi azalmaya getmir. Həmin ölkələrdən biri də Hindistandır.
ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft alışını əhəmiyyətli dərəcədə azaltdığını açıqlayıb. Lakin Tramp etiraf edib ki, Hindistan Rusiyadan neft alışını tam azaltmaq fikrində deyil.
Məlumata görə, 2025-ci ilin dekabrında Hindistan Rusiyadan neft tədarükünü 2022-ci ildən bəri ən aşağı səviyyəyə endirib. Hindistan Rusiyadan gündəlik 1,1 milyon barel neft alıb. Dekabrın ikinci həftəsində isə tədarük gündəlik 712.000 barelə düşüb.
Hindistan 2022-ci ildən bəri Rusiyanın ən böyük neft alıcılarından biridir.
ABŞ ötən ilin avqustunda Rusiyadan enerji idxalına görə Hindistana əlavə 25% tarif tətbiq edib. Kreml Vaşinqtonun təzyiqi altında Yeni Dehlinin tədarükü azaltdığını etiraf edib. Lakin tədarükün tamamilə dayandırılması planının olmadığı açıqlanıb.
Qeyd edək ki, Rusiyadan ən çox nefti Çin, Hindistan və Türkiyə alır. Bütün tədbirlərə baxmayaraq ABŞ bu ölkələrdən neft alışının minimuma endirilməsinə niyə nail ola bilmir?
Sfera.az-a bununla bağlı açıqlama verən iqtisadçı-ekspert İlham Şaban bildirib ki, bunun birinci səbəbi odur ki, neft ən çox istehsak edilən xammaldır və o hər kəsə lazımdır:
“Ona görə də təkcə qadağalarla 100% nəyəsə nail olmaq çətindir. Onu da nəzərə alaq ki, ticarətdə həmişə nəzarətdən yayınmaq imkanları mövcuddur. Bu, xırda ticarətə də, böyük ticarətdə də belədir”.
İqtisadçı ikincisi səbəbin siyasi məqsədlərdən qayaqlandığını bildirib:
“Yəni ABŞ-nin atdığı addımlar heç də Rusiyanı "neft gəlirindən məhrum etmə" siyasəti güdmür. ABŞ Rusiyanı bazardan sıxışdırır, amma tam çıxartmır. Rusiya neftinə sanksiyalar qoymaqla onun real qiymətini 20-25% azaltmağa nail olub, bundan da Rusiya neftini idxal edn əsas ölkələr çox razıdırlar. Tramp bunu çox gözəl anlayır və həmin ölklərlə bunun qarşılıqlığında ABŞ maraqlarını təmin edəcək digər məsələləri həll etməyə çalışır”.
Fidan Hacızadə
Sfera.az