Son aylarda Rabitəbankla bağlı sosial şəbəkələrdə və rəy platformalarında müştərilərin şikayətləri artmaqdadır. Paylaşılan rəylər bankın kredit prosedurları, mobil bankçılıq tətbiqi, müştəri xidməti və maliyyə əməliyyatları ilə bağlı ciddi narazılıqların mövcud olduğunu göstərib.


 


Sfera.az xəbər verir ki, vətəndaşların əsas şikayətlərindən biri onlayn kredit müraciətlərinin cavabsız qalmasıdır. Bir sıra müştərilər bildirib ki, kredit üçün müraciət etdikdən sonra onlara “əlaqə saxlanılacaq” deyilsə də, aylarla heç bir geri dönüş olmur. Bu vəziyyət insanların planlarını pozur və bank sektoruna olan etimadı zəiflədir.


 


Şikayətlərin digər böyük hissəsi mobil bankçılıq tətbiqi ilə bağlı texniki problemlərdir. Müştərilər tətbiqə daxil ola bilmədiklərini, girişin məhdudlaşdırıldığını, vacib vaxtlarda sistemin işləmədiyini qeyd ediblər. Bəzi istifadəçilər isə hesablarından pul çıxıldığı halda vəsaitin geri qaytarılmadığını iddia ediblər.




Kredit şərtlərinin dəyişdirilməsi də narazılıq doğuran məsələlər sırasındadır. Belə ki, bəzi vətəndaşlar ilkin olaraq razılaşdıqları faiz dərəcəsinin sonradan səbəb göstərilmədən artırıldığını bildiriblər. Onların sözlərinə görə, bu cür hallarda bank tərəfindən aydın izahat verilmir.




Müştərilər həmçinin müştəri xidmətlərinin ünsiyyət bacarığının zəif olduğunu vurğulayıblar. Şikayətlərə verilən cavabların əksəriyyətinin standart mətnlərdən ibarət olduğu, real problemin həllinə yönəlmədiyi qeyd olunur. Bankin rəsmi səhifələrində isə adətən “Şəxsi mesaj bölməsinə müraciətiniz cavablandırılıb” tipli qısa açıqlamalarla kifayətlənildiyi görünür.




Müştəri məmnuniyyətinin təmin olunması, şəffaf kredit siyasəti və stabil rəqəmsal xidmətlər bank sektorunda əsas etibar göstəricilərindən hesab olunur.




Məsələ ilə bağlı Rabitəbankdan geniş və detallı rəsmi mövqe bildirilməsə də, vətəndaşlar problemlərin yalnız fərdi mesajlarla deyil, sistemli şəkildə həll olunmasını gözləyirlər. Bank sektorunda etimadın qorunması üçün bu şikayətlərin diqqətlə araşdırılması və operativ addımların atılması zəruri sayılır.




Bəsti Rəfizadə

Sfera.az