ABŞ-nin rəhbərliyi altında Parisdə keçirilən İsrail-Suriya danışıqlarının sonuncu mərhələsində tərəflər təhlükəsizlik sahəsində razılıq əldə ediblər. 




Xəbərə əsasən, hər iki ölkənin nümayəndələri təhlükəsizlik razılaşmasına nail olmaq məqsədi ilə danışıqların tempini sürətləndirmək, müzakirələri intensivləşdirmək və etimad yaratmaq üçün addımlar atmaq barədə razılığa gəliblər.


 


Bəs bu razılaşma tərəflər arasında yekun sülhün əldə edilməsinə kifayət edirmi?


 


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi ekspert Çingiz Şahbazi Parisdə keçirilən İsrail və Suriya arasında danışıqların sonuncu mərhələsində razılığın əldə olunduğunu xatırladıb. 


 


Onun sözlərinə görə, ABŞ-nin rəhbərliyi ilə keçirilən bu mərhələdə tərəflər təhlükəsizliklə bağlı və digər sahələrdə müzakirələri intensivləşdirmək, həmçinin qarşılıqlı etimad üçün addımlar atmaq barədə razılığa gəliblər:




“Əldə olunan razılaşma sülh prosesinin mühüm və həmçinin başlanğıc mərhələsi kimi sona çatdı. Bu, İsrail və Suriya arasında diplomatik münasibətlər çərçivəsində fəallığın yenidən artmasına yol açır və təhlükəsizliklə bağlı risklərin azaldılmasına kömək edir. Bütün bunlar danışıqlar prosesində yeni mərhələyə zəmin yaradan amillərlə yanaşı, həmçinin çox vacib hesab edilən görüşlərdir. Bunlarla yanaşı, tam sülh sazişinin imzalanmasına hələ çox zaman olduğunu da qeyd etmək lazımdır. Çünki hələ siyasi məsələlər və torpaq məsələləri müzakirə olunmayıb. Bütün bunlardan sonra tərəflər arasında yekun sülhün əldə edilməsi ilə bağlı müzakirələr aparıla bilər”.


 



 


Ekspert hazırkı mərhələdə ABŞ-nin nəzarəti altında kəşfiyyat, təhlükəsizlik, hərbi gərginliyin azaldılması, diplomatiya və digər sahələrdə ünsiyyət qurmaq məqsədilə koordinasiya mərkəzinin yaradıldığını da qeyd edib:


 


“Bu mərkəz hər hansı bir insident zamanı anlaşılmazlıqların operativ həllinə və gərginliklərin aradan qaldırılmasına xidmət etmək məqsədi daşıyır. Bir neçə aylıq fasilədən sonra yenidən danışıqlar prosesinə rəsmi nümayəndələrin qatılması və etimad tədbirləri üzrə tərəflərin addımlar atması barədə razılıq əldə olunub. Əlbəttə ki, bu addımlar dialoqu davam etdirmək məqsədi daşıyır. Bu baxımdan hazırkı addımları sülh müqaviləsinə yol aça biləcək mexanizmlər kimi qiymətləndirmək lazımdır. Növbəti mərhələnin tərəflərin iddiaları üzərində aparılması gözlənilir. Suriya tələb edir ki, İsrail 2024-cü ilin dekabrında tutduğu ərazilərdən çıxsın və ölkənin suverenliyi tanınsın. İsrail isə təhlükəsizlik təminatları, demilitarizasiya və digər şərtlər tələb edir. Bu baxımdan dialoq və koordinasiya mexanizmləri iki ölkə arasında razılıq əldə olunması üçün etimadı artırmağa kömək edəcək”.


 


Fidan Hacızadə

Sfera.az